MOİK-in baş məşqçisi: "Rəhbərlik Premyer Liqada çıxış etməkdə maraqlıdır" MÜSAHİBƏ

19:28 - 19 Yanvar 2019

MOİK I Divizionda mövsümün ilk yarısını lider "Sumqayıt"dan dörd xal geri qalaraq, ikinci tamamladı.

 

"Hərbçilər"in baş məşqçisi Azər Bağırov Sportal.az saytına müsahibəsində mövsümün ilk yarısını dəyərləndirib və digər məsələlərə toxunub.

 

- Komanda mövsümün əvvəlində uğurlu start götürdü. Ancaq sonda qış çempionu ola bilmədi. MOİK-in son turlarda xal itkilərinə səbəb nə oldu?

- Komandanı götürən limit məsələsi hələ gündəmdə yox idi. Biz də təcrübəli futbolçuları toplamışdıq. I Divizion üçün yaxşı hazırlaşırdıq. Limitdən sonra isə problemlər yaşandı. Gənc oyunçular demək olar ki, komandamıza gəlmək istəmirdi. Deyəsən, I Divizion təmsilçisi olmağımız futbolçuları bir az qorxudurdu. Gənc oyunçular əsasən, Premyer Liqa klublarının əvəzedicilərinə gedirdi. Buna baxmayaraq, çempionata yaxşı başladıq. İlk dövrəni çempion kimi tamamlaya bilmədik. Buna səbəb də limitə uyğun futbolçularımızın az olması idi. Bu da son iki turda özünü göstərdi. İlk dövrənin sonlarında "Qaradağ Lökbatan"la matçda əsas heyətin üç üzvü oynamadı. Bu da ölanlarımızı dəyişdi. Heyətdə 99 faiz dəyişiklik etdik, ancaq məğlub olduq. İkinci dövrəyə daha inamlı hazırlaşacağıq. Yeni gənc futbolçuları transfer etmişik.

 

- Neçə futbolçu ilə yollar ayrıldı?

- Çempionat bitən kimi beş təcrübəli və bir gənc futbolçu ilə yolları ayırdıq. Onlara təşəkkür edirik və uğurlar arzulayırıq. Limitə uyğun güclənmişik. Hələ axtarışlar davam edir. Bir forvarda da ehtiyacımız var. Cavan hücumçu axtarırıq. Bu da olsa, yaxşı olar. Çatışmayan cəhətləri aradan qaldıracağıq.

 

- Komandanın qış fasiləsindən sonra hədəfi nədir?

- Rəhbərliklə söhbətimiz olub. Şəxsi istəyim çempion olmaqdır. Əlbəttə, bunun üçün çalışmaq lazımdır. Ancaq ilk üçlükdə olmaq hədəfimizdir.

 

- Belə söz-söhbət var ki, "hərbçilər" gələn mövsüm elitada çıxış edəcək. MOİK çempion olarsa, növbəti mövsüm Premyer Liqada iştirak edəcək?

- Premyer Liqa məsələsi növbəti bir ayda aydınlıq gələcək. Bu, yəqin ki, çempionatı hansı sırada bitirəcəyimizdən asılı olacaq. Bildiyim qədər rəhbərlik də Premyer Liqada çıxış etməkdə maraqlıdır. MOİK-in öz-dəst xətti var. Bu barədə geniş informasiyaya sahib deyiləm. İşimiz komandanı oyunlara çıxarmaq və üst sıralarda qərarlaşmaqdır.

Xəbər xətti