Emin Mahmudov: "Tərlan Əhmədovun sayəsində özümə gəldim" MÜSAHİBƏ

"Neftçi" Azərbaycan Premyer Liqasının 16-cı turunda evdə "Keşlə"yə 2:0 hesabı ilə qalib gəlib.
 
Sportal.az xəbər verir ki, komandasının qələbə qollarını vuran Emin Mahmudov jurnalistlərə müsahibə verib:
 
- Rahat qələbə qazandınız, yoxsa kənardan elə göründü?
- Elə də asan olmadı. Qolları daha erkən vura bilərdik. Rəqib də bir neçə fürsət yaxaladı. Əgər fərqlənsəydilər, oyun başqa məcrada keçəcəkdi.
 
- “Keşlə”nin futbolçuları penalti epizoduna etiraz edirdilər.
- Açığı, bu epizodu heç görmədim. Qarşımı oyunçu kəsmişdi.
 
- Penaltini iki dəfə vurdun. Düşünmədin ki, Kamran yenə həmin küncə tullanacaq?
- Düşünmədim, necə fikirləşirəmsə elə də vururam. Penaltidə özünə inanmalısan. Mən də özümə inandım, vurdum.
 
- Çempionluq uğrunda gərgin mübarizə gedir. “Neftçi” sona qədər bu mübarizəni apara biləcək?
- Bunu ancaq çempionat göstərəcək. Hər oyuna yaxşı hazırlaşırıq. Bizə çətin olacaq. Bəlkə onlara da çətin oldu. Dünən “Qarabağ” “Sumqayıt”a asan qalib gəlmədi. İkinci qolu matçın son dəqiqələrində vurdular. Biz də bu gün “Keşlə”ni çətin yendik. Hər oyun çətin keçəcək. Çalışacağıq ki, sona qədər mübarizə aparaq.
 
- “Qarabağ”la oyun sizə özünəinam verib?
- Biz daha öncə də özümüzə inanırdıq. “Qarabağ”a qarşı necə oynayacağımızı bilirdik. İnanmasaydıq, bu tempdə getməzdik. Çalışırıq ki, daha yaxşı oynayaq. Bizdə stabillik çatmır. “Qarabağ” çempionatda və avrokuboklarda sabit çıxış edir. Bizə belə stabillik lazımdır.
 
- Növbəti tur elə də yaxşı vəziyyətdə olmayan “Zirə”nin qonağı olacaqsız. Üç xalı qazanacağınızı düşünmək olar?
- “Zirə”nin vəziyyəti yaxşı deyil, amma bizimlə evimizdə 2:2 hesablı heç-heçə etdilər. 2:1 hesabı ilə qalib gəldiyimiz oyunda da bizə çətinlik yaratmışdılar. Heç-heçə etdiyimiz oyunda da sonuncu yerdə qərarlaşmışdılar. İndi səfərdə oynayacağıq. “Zirə” bizə bir qədər də çətinlik yaradacaq.
 
- “Neftçi”yə Tərlan Əhmədovun vaxtında gəlmişdiniz. Bu gün onun çalışdırdığı komandaya iki qol vurdun. Onun adına üzülmədin?
- Onunla bu gün görüşdüm, hər zaman salamlaşırıq. Çünki münasibətlərimiz yaxşıdır. Çox sağ olsun, bura gətirdi, oynatdı və mən də özümə gəldim. 
 
- “Neftçi”nin yeni transferləri barədə müsbət fikirlər səslənir. Mövsümün ilk yarısındakı “Neftçi” güclüdür, yoxsa indiki?
- Bunu oyunlar göstərəcək. Hər oyunçu özünü başqa çempionatda göstərə bilməz. Deməzdim ki, Kvame Karikari çox pis idi, sadəcə, burda alınmadı. Başqa çempionatlarda bəlkə də yaxşı alınacaq. Yeni transferlərə isə inamımız böyükdür. İnanırıq ki, bizə çox xeyir verəcəklər.
 
- Çempion olmaq üçün gücünüz var? Yoxsa hələ oyununuz güclənməldir?
- Oyunlar göstərəcək. Bir-iki oyun keçib. Hələ çox matç qalıb.
 
- Həm “Neftçi”yə, həm də “Qarabağ”a yeni transferlər çempionluq uğrunda kömək edə biləcəklər?
- Əlbəttə, yeni transferlər kömək etsələr, daha rahat olacaq. Yeni transferlər kömək üçün alınıb.
Tarix: 10 Fevral [17:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Dekabr 2019
8  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio