Nicat Qurbanov: "Məcburiyyətdən karyeramı başa vurdum" MÜSAHİBƏ

Karyerasını başa vurduğunu açıqlayan Nicat Qurbanov futbol ictimaiyyətini təəccübləndirdi.
 
“Sumqayıt”la müqaviləsi başa çatan 27 yaşlı yarımmüdafiəçinin butsılarını hansı səbəbdən mıxdan asmağı müəmmalı qaldı.
 
Sportal.az-a müsahibə verən Nicat Qurbanov vəziyyətlə bağlı danışıb.
 
- Karyeranı başa vurdğunu açıqlamaqla hamını təəccübləndirdin. Buna səbəb nədir?
- Açığı, qərar vermək çətin idi. Ancaq məcburiyyət qarşısında belə etdim. Çünki heç bir təklif yoxdur. Bu qərarı bu gün və ya bir aydan sonra versəm, eyni mahiyyəti daşıyır. Təklif gəlmədiyi üçün belə qərar gəldim.
 
- I Diviziondan da təklif olmadı?
- Özümü aşağı liqada görmürəm. O səviyyədə oynamaq istəmirəm. Premyer Liqadan isə təklif yoxdur.
 
- Vida sözlərində “Yaxşı məşqçilər də gördüm, pis də” yazmısan. Görünür, incik gedirsən...
- Məşqçilərin işinə yanaşması mənasında yazmışdım. Əlbəttə, yaxşılar mənimlə olacaq. Pislər isə futbolda qalacaq.
 
- Xaricə getmək üçün niyə can atmadın?
- Bu barədə danışmamışam. Heç bir agentlə söhbətim olmayıb. Sabah hansısa təklif olsa, oturub, müzakirə edəcəyik. İndiki klublardan bu gün təklif yoxdursa, sabah da olmayacaq. Hansısa agent xaricə getməyi təklif etsə, müzakirə edib, razılaşaram.
 
- Təklif olsa, fikrini dəyişəcəksən?
- Əlbəttə, bizim bacardığımız iş budur. Neçə illərdir ki, futbol oynayırıq. Başqa nəsə bacarmırıq. Təklif olmadığı üçün məcbur olub, belə qərar vermişəm. Hansısa variant ortaya çıxsa, sevinə-sevinə razılaşaram. Çünki bacardığım ən yaxşı iş futboldur.
 
- Gələcək planın necədir?
- Heç bir şey düşünməmişəm. Qərarımı dünən açıqladım. Bir həftə idi ki, qərarımı beynimdə götür-qoy edirdim. Mənə də gözləməyimi deyirdilər. Fikirləşirdim ki, ortaya nəsə çıxar. Artıq komandalar da yığışır, yeni mövsümə hazırlaşır. Ona görə belə qərar verdim. Planlar barədə isə gözləməliyik.
 
- Ailənin və tanışlarının bu qərarına reaksiyası necə oldu?
- Əlbəttə, hamısı pis oldu. Qərardan sonra çoxlu zənglər gəlir, dəstək mesajları göndərilir. Hamıya təşəkkür edirəm. Hamı öz köməyini göstərmək istəyir. Bu qədər dəstək görəcəyimi gözləmirdim. Çox adam üzüldüyünü bildirdi. Amma bu, futboldur. Təklif gəlsə, əla olar, olmasa da, ya bu gün gedəcəm, ya da sabah. Vəziyyət belədir.
 
- Gənc yaşında məşqçiliyə başlayanlar var. Belə bir düşüncə ağlından keçir?
- Heç fikirləşmədim. Bu qərar mənə pis təsir edib. 27 yaşım var, oynayan vaxtımdır. Özüm də tam qəbul edə bilmirəm. Hər an gözləyirəm ki, zəng gələ bilər. Bu barədə düşünməmişəm, heç ağlıma da gəlməyib. Yaxın 1-2 ayda fikirləşəcəm ki, nə işlə məşğul olmalıyam. Gələcəkdə baxacam.
 
- Neçə ildir Premyer Liqada çıxış edirsən. Bəs niyə təklif yoxdur? Bunun səbəbini nədə görürsən?
- Demirəm ki, hamı günahkardır. Əlbəttə, Premyer Liqada oynaya bilərəm. “Sumqayıt”da Nazim Süleymanovun dönəmində az şans qazandım. Yaxşı formada olduğum dönəmdə oynamamağım mənə müəmmalı qaldı. Bir az aşağı doğru getdim. Mənfi xasiyyətim odur ki, psixoloji cəhətdən belə hallarda enirəm. Bu da mənə təsr etdi. Futbolçunu alanda da statistikasına baxırlar. Yəqin ki, məndə də bunu az görüblər. Bəlkə də buna görə təklif yoxdur. Yəqin ki, məşqçilər bu cür düşünür. Mən belə fikirləşirəm.
 
Mehman Əşrəfov
Tarix: 19 İyun [17:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 İyul 2019
15  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio