Nikola Yurçeviç: "Hələ mən də mükafatımı almamışam"

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç "CBC Sport"da "Üçüncü hissə" verilişində qonaq olub.

 

Sportal.az xəbər verir ki, 52 yaşlı mütəxəssis millinin sabiq çalışdırıcısı, hazırda isə Bosniya və Herseqovina seçməsinə başçılıq edən Robert Prosineçki ilə münasibnətindən danışıb və həmyerlisinin bir neçə gün öncə istefa verməsinə münasibət bildirib:

 

"Prosineçki ilə çox yaxşı münasibətimiz var. 35, bəlkə də 40 ildir bir-birimizi tanıyırıq. Həm Zaqreb “Dinamo”sunda, həm də milli komandada birlikdə çalışmışıq. Prosineçkinin köməkçisi Qordan Çipriç də ən yaxın dostlarımdan biridir. Xorvatiya ilə oyundan bir gün öncə Bosniya və Herseqovina millisi səfərdə uduzmuşdu. Həmin gün Qordanla Prosineçki haqda xeyli danışdıq. O, matçdan sonra istefa vermişdi. Ancaq federasiya rəsmiləri ilə iclasda istefası qəbul olunmadı. Əsas odur ki, vəzifəsində qaldı. Təbii, onun üçün də bu qərarı vermək asan deyildi”.

 

Yurçeviç Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin bir müddət öncə legioner limitinin ləğvi ilə bağlı səsləndirdiyi fikirlərə də toxunub:

 

“Bununla bağlı məndə rəsmi məlumat yoxdur. Nə baş verəcəyini bilmirik. Bütün dünyada millinin məşqçiləri ancaq yerli futbolçuları düşünürlər. Klub çalışdırcıları isə işlədiyi yerdə necə nəticə verəcəyini düşünür. Bu, normal haldır.  Mənim üçün yerli futbolçuların çox oynaması daha yaxşı olardı. Düşünürəm ki, milli komandada işləyən bütün məşqçilər mənim kimi fikirləşir. Buna bir çox misal gətirə bilərəm. İstər Türkiyədə, istər Avstriyada çalışarkən belə hallarla çox qarşılaşmışam. Legioner limiti ilə bağlı fikirlər hər zaman fərqli olub. Yaxşısı budur, gözləyək, görək, necə olur”.

 

Xorvatiya ilə heç-heçəyə görə milli üzvlərinə mükafat verilməsi məsələsinə də münasibət bildirən baş məşqçi bunun normal olduğunu deyib: “Futbolçulara müəyyən məbləğdə mükafat verildiyini bilirəm. Amma dəqiq rəqəmdən xəbərsizəm. Düşünürəm ki, əgər Xorvatiya bizi udsaydı, onların federasiyası da komandaya mükafat verəcəkdi. Hələ mən də mükafatımı almamışam. Nə vaxt veriləcəyini də bilmirəm. Gözləyirik (gülür)".

 

Yurçeviç əsas yığmanın üzvü Renat Dadaşovun U-21 millisi üçün daha faydalı olduğunu söyləyib: “Renat U-21 yığması üçün daha faydalı olardı. Amma bizim üçün də vəziyyət çətin idi. 4 gündə 2 oyun keçirməli idik. Geniş oyunçu seçimimiz yoxdur. Nə vaxt, nə olacağını bilmirsən. Renat bizim ikinci nominal hücumçudur.  Görsək ki, gələcək oyunlarda əsas milliyə 15-20 dəqiqə kömək edə bilmir, o zaman onun U-21-də oynaması daha yaxşı olacaq.  Qaldı ki, AFFA ilə arasındakı razılaşmaya, federasiyanın onu necə razı salmasına, mən o məsələlərə qarışmıram. Yenə deyirəm, görsək ki, əsas milliyə kömək edə, start 11-liyə düşə bilmir, təbii ki, U-21-ə göndərəcəyik”.

 

Yurçeviç sonda Eddi İsrafilovun milliyə çağırılmamasının səbəbini açıqlayıb: “Mən sizə onunla yazışmalarımızı göstərə bilərəm. Sizin üçün də maraqlı olar. Eddi ilə danışığımız oldu. Komandaya kömək etmək, oynamaq istədiyini dedi. Ancaq ispaniyalı həkim bildirdi ki, yalnız 15-20 dəqiqə oynamağa gücü çatar.  2-3 həftədən sonra isə tam hazır olacaq. Bilirəm ki, bununla bağlı çox söz-söhbət oldu. Yarımmüdafiənin mərkəzində Emin Mahmudov, Qara Qarayev kimi futbolçularmız var. Amma Eddi fərqli üslubda oynayan futbolçudur. Burada söhbət keyfiyyətdən getmir. Sadəcə, atletik baxımdan fərqlidir". (sportinfo.az)

Tarix: 13 Sentyabr [15:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2019
17  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio