"Aşağı yaş qruplarında milliləşdirilmiş oyunçular olmamalıdır" - veteran futbolçudan sərt sözlər

15:49 - 24 Sentyabr 2020

AFFA yığma komandalara milliləşdirilmiş oyunçuları doldurmaqda davam edir. Ötən günlərdə U-19 millisinə türkiyəli futbolçuları - Əmrə Yıldırım və Sərhan Ürəs dəvət edildilər. Yerli futbolçuların kənarda qalması və onların əvəzinə aşağı səviyyəli oyunçuların milliləşdirilməsi ictimaiyyətin narazılığına səbəb olur.

 

Azərbaycan millisinin keçmiş futbolçusu, "Ağsu"nu divizion çempionu etmiş Rüfət Quliyev Sportal.az-a açıqlamasında federasiyanın siyasətini sərt tənqid edib:

 

“Bu yolla davam etməyin mənası yoxdur. Çünki o futbolçular gec-tez buranı tərk edib, öz ölkələri üçün oynayacaqlar və Azərbaycanı yada da salmayacaqlar. Bu, göz qarşısındadır. Bir neçə milliləşdirilmiş futbolçu da bizi yarıyolda qoyub qaçdı. Biz hələ indi etiraz edirik ki, onlar niyə belə edirlər.

 

Aşağı yaş qruplarında isə ümumiyyətlə milliləşdirilmiş futbolçular oynamamalıdır. Mən inanmıram ki, Avropada hansısa ölkənin aşağı yaş qruplarında bizim qədər milliləşdirilmiş futbolçular olsun. Nəticə qazanmayan ölkələr də demək olar ki, yerli oyunçulara üstünlük verir.

 

Bəli, biz vaxtında uşaqları yetişdirsəydik, indi bu vəziyyətə düşməzdik. İndi də gec deyil. Tək yapışmışıq Bakıdan. Paytaxtda nə qədər futbolçu yetişəcək ki? Bölgələrə üz tutmaq lazımdır. Bakıdan kənarda futbol demək olar yoxdur. Görün nə qədər klublar dağıldı. Masallı, Lənkəran, Bərdə, Qazax, Şəmkir, Yevlax, Qusar, İmişli, Mingəçevir kimi bölgələr futbolsuzdur.

 

Elə Bakıda da bir neçə klub dağıldı. Biz ancaq dağıdırıq, yaratmağımız yadıma gəlmir. Region Liqasında klub yaratmağa qərar verirlər, xərc çəkirlər və sonra görürlər ki, mənası yoxdur. Divizionda da buna oşxar vəziyyətdir. Futbolumuzdakı proqram dəyişməlidir. Ona görə maraq yoxdur. Bölgələrdə futbol inkişaf etməlidir, hazırda bu, yox dərəcəsindədir. Komandalar gəlməlidir, saylar artmalıdır. Bölgələrə diqqət ayrımaq lazımdır. 

 

Futbolda anlayışı olan insanlar çalışmalıdır. Onun-bunun zəngi ilə, tanışlıqla işə gələnlər futbolumuzdadırsa, vəziyyət belə də olmalıdır. Əgər zəng gəlirsə və həmin insan futbolu bilməsə də kimisə maraqlandırmayacaq. Heç kəsi maraqlandırmır ki, onun keçmişdəki işi necə olub və gələcəkdə nə nəticə verəcək. Əsas maraqlandıran odur ki, bu adamı kim tapşırıb. Vəziyyət futbolda belədir.

 

Mən çox istəyirəm ki, futbolumuz yaxşı vəziyyətdə olsun və biz də bunun içində olaq. Ancaq bizə imkan vermirlər. 8 klub var, harada boş yer tapıb çalışasan? Özünü nə qədər sübut edəsən? Millidə oynamışam, Çempionlar Liqasının medalını qazanmışam, məşqçi kimi nəticələr vermişəm, kateqoriyamız var, kimdənsə əskik deyilik. Bunlar yalan deyil, tarixdir. Niyə biz kənarda qalmalıyıq? “Neftçi”də akademiyada çalışmışam və bu gün çox uşaq əsas komandalardadır.

 

Bu insanlar nə qədər ki, orada oturublar və məşqçiləri ora-bura dəyişirlər, artıq mənası yoxdur. Biz görmüşük ki, nəticə verməyən məşqçi kənarlaşdırılanda əvəzinə başqası gəlir. Amma hər yerdə eyni adamlardır ordan-bura gəzirlər. Nəticə vermədikcə dəyirman fırlanır”.

Xəbər xətti