"Xəzər Lənkəran"ın keçmiş futbolçusu: "Qarabağ"dakı legionerlər kimi futbolçularımız olsaydı, avrokuboklarda bəlkə biz də nəsə edərdik" - MÜSAHİBƏ

"Neftçi" yetirməsi olan, "Bakı", "Muğan", "Simurq", "İnter"(indiki "Keşlə") klublarında oynasa da daha çox "Xəzər Lənkəran"dakı çıxışı ilə yaddaqalan Elnur Abdullayev Sportal.az saytına müsahibə verib. Cənub klubunun parlaq dönəmində komandanın aparıcı simalarından olmuş futbolçu saytımıza müsahibəsində həmin dönəmləri xatırlayıb:

- Uzun müddətdir ki, gündəmdə deyilsən. Hazırda nə işlə məşğul olursan?
-  Hazırda “Səbail”də uşaq futbolunda çalışıram. Qışda kateqoriya oxuyacam. Çox götür-qoy etdim və qərara gəldim ki, futbolçunun işi elə futbolda olmaqdı. Mən də öz sənətimin arxasınca getmək qərarına gəldim. Hər şeyin yaxşı olacağına inanıram. Mirbağır İsayev və “Səbail” rəhbərliyinə məni kluba dəvət etdiklərinə görə təşəkkür edirəm. Arzu edirəm ki, bütün klublarımızda futbol oynamış adamlar işləsin. Gündəmdə olmamağımın səbəbi? Futbolda belədi, oynayırsansa gündəmdəsən, karyeranı başa vurdunsa gündəmdə olmursan. Amma belə olmamalıdı.

- Karyeranı da səssiz-səmirsiz başa vurdun. Niyə belə oldu? Yoxsa, istədiyin qədər oynaya bildiyini düşünürsən?
- Karyeramdan razıyam. Hər zaman iddialı klublarda oynamışam. Həmin yerlərə öz gücümə gəlmişdim. Zədəm məni məcbur etdi ki, karyeramı başa vurum. Zədəm olmasaydı 4 il də rahat oynayardım. Demək ki, belə qismət imiş. Buna da şükürlər olsun. Hər futbolçu da həmin yaşa qədər oynaya bilmir.


- Futbola "Neftçi”də başlamısan. İndi necə, “Neftçi”nin çıxışlarını izləyirsən? Ötən mövsüm bu komandanın çempion olması sənin üçün sevindirici oldu?
- Bəli, futbol məktəbim “Neftçi” olub. Məşqçim isə İslam Kərimov idi. Ona da təşəkkürümü bildirirəm. Peşəkar səviyyədə ilk oyunumu da “Neftçi”nin heyətində keçirmişəm. Özü də 16 yaşımda. Kazbek Tuayevin rəhbərliyi altında “Turan”a qarşı oynamışdıq. “Neftçi”nin ötən mövsümki çıxışını izləyirdim, baxımlı futbol oynayırdılar. Məşqçi işi də göz qabağında idi. Bu mövsüm ötən mövsümki oyunu göstərə bilmirlər. O da zamanla düzələ bilər.
 

- Razılaşarsan ki, karyeranın ən uğurlu dönəmi və daha çox gündəmdə olduğun vaxt “Xəzər Lənkəran”da çıxış etdiyin illərdə idi. Həmin anları necə xatırlayırsan? “Xəzər Lənkəran” sənin üçün nə ifadə edir?
- “Xəzər Lənkəran” Azərbaycan futboluna başqa rəng qatırdı. Bu komanda haqda nə qədər desəm də azdı. O stadionda, həmin azarkeşlər qarşısında oynamaq möhtəşəm idi. “Xəzər Lənkəran” hər zaman ürəyimdə qalacaq. Bu komandanın məndə başqa yeri var. İnanıram ki, “Xəzər Lənkəran” nə vaxtsa qayıdacaq.

- 3 ildən çox bu komandada oynadın. Səncə, nəyə görə komanda avrokuboklarda uğur qazana bilmirdi, mane olan nə idi sizə?
- Yaxşı komandamız var idi. Bəlkə də səviyyəli legionerlərimiz olsaydı nəsə etmək olardı. Elə legionerlər var idi, avrokubok səviyyəsində deyildilər. Bəlkə də “Qarabağ”dakı legionerlər kimi olsaydı, biz də nəsə edərdik. Düzdü, komandamızda Uinston Parks, Culius Vobay, Adrian Pit, Eder kimi səviyyəli legionerlərimiz də var idi. Ancaq kifayət etmirdi. Çünki lazımsızlar yetəri qədər idi.

- Ən yaxşı oynadığın dövrlərdə də milli komandamızın o vaxtkı baş məşqçi Berti Foqts sənə millidə oynamaq şansı tanımırdı. Bu tez-tez müzakirə edilirdi. Səncə, Foqts niyə şans vermirdi?
Doğrudu, həmin vaxtı yaxşı formadaydım. Berti Foqts milli komandaya dəvət etdi. Sadəcə rəsmi oyunlarda şans vermədi. Bəlkə də şans versəydi millidəki karyeram tam fərqli olardı.

- Azərbaycan çempionatında çıxış etmiş yerlilər arda-bir müsahibələrində deyirlər ki, "bir az məşq etsəm, indi də çıxıb çempionatda oynayaram". Səncə, doğurdan çempionatın səviyyəsi indi aşağı səviyyədədi o vaxtki çempionatla müqayisədə?
- Çempionat oyunlarını izləyirəm. Əvvəlki illərlə müqayisədə liqanın səviyyəsi aşağı düşüb. Bilmirəm, bəlkə gələn legionerlərin səviyyəsi aşağıdı. Əvvəl gələn legionerlər hara, indikilər hara? Təbii ki, bəzi klubları çıxmaq şərtilə. Burada azarkeş rolu da önəmlidi. Nə qədər güclü komandalar oynayır-oynasın, azarkeş olmasa oyunun səviyyəsi görünmür. 12-ci oyunçu mütləqdi. Ümid edirəm ki, o günlər də olacaq, çempionatımızın səviyyəsi qalxacaq. 

Tarix: 2 Dekabr [12:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Yanvar 2022
26  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio