"Səbail"in təklif etdiyi maaşdan daha çoxuna layiq olduğumu düşündüyüm üçün ayrıldım"

18:45 - 24 May 2022

"Yeni müqavilə imzalamaq üçün bir neçə dəfə rəhbərliklə görüşdük. Sadəcə onların təklif etdiyi şərtlər məni qane etmədi. Ona görə də razılaşa bilmədik".


Bu fikirləri Sportal.az-a verdiyi açıqlamada "Səbail"dən ayrılan Adil Nağıyev səsləndirib.


27 yaşlı mərkəz müdafiəçisi paytaxt təmsilçisi ilə maliyyə şərtlərində razılaşa bilmədiyi üçün klubu tərk etdiyini bildirib:


"Düzdü, mənə təklif edilən müqavilədə maaş indikindən daha yaxşı idi. Sadəcə mən ondan daha çoxuna layiq olduğumu düşündüyüm üçün ayrılıq qərarı verdim. Onlar mənim istədiyim məbləği verə bilməyəcəklərini dedilər. Mən də halallaşıb ayrıldım".


Təcrübəli futbolçu xaricdən və ölkə klublarından təklif aldığını deyib. Onun sözlərinə görə, yeni komandası 10 gün ərzində məlum olacaq:


"Hazırda bir neçə klubdan təklif almışam. Yeni klubum 10 gün ərzində məlum olacaq. Ölkə xaricindən də təklif var. Hələ ki, danışıqlar gedir. Xaricdə alınmasa, yerli klublardan birinə keçəcəm".


Elçin Əlixan

Xəbər xətti