Millimizin hazırlıq planı məlum oldu

12:17 - 27 May 2022

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışının vaxtı dəqiqləşib.

 

Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Eldar Yusubov və komanda üzvləri ilə keçirilən iclasdan sonra mayın 30-da bir araya gəlinməsi qərara alınıb.

 

Yığıncaqda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına, eləcə də AVRO-2023-ün təsnifat mərhələsinə hazırlıq planı dinlənilib və oyunçuların hazırkı vəziyyətindən danışılıb.

 

Yusubov bildirib ki, komandanın hazırlığı iki mərhələdən ibarət olacaq. İlkin mərhələ Bakıda və bölgələrdə, ikinci mərhələ isə ölkə xaricində keçiriləcək. Paytaxtda təşkil olunacaq hazırlıq “Murov” Voleybol Klubunun, Azərbaycan Voleybol Federasiyasının idman zallarında və Bakı Su İdmanı Sarayında baş tutacaq.

 

Daha sonra məşqçilər, həkimlər və voleybolçular komandanın lazımi formanı yığması istiqamətində fikirlərini bölüşüblər.

 

Azərbaycan millisi AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. V İslam Həmrəyliyi Oyunlarındakı rəqiblər isə hələlik məlum deyil.

Xəbər xətti