"Qurban Qurbanov sözünü demiş biridi, AFFA rəhbərliyi onu baş məşqçi postuna gətirə bilər"

13:35 - 28 Sentyabr 2022

Azərbaycan milli komandasının veteran qapıçısı Hüseyn Məhəmmədov Sportal.az saytına müsahibə verib.

O, yığma komandamızın Millətlər Liqasındakı çıxışını dəyərləndirib.

- Azərbaycan millisinin Qazaxıstanla görüşdə 3:0 qalib gəlməsini ehtimal edirdin?
- Əlbəttə ki, millimizdən qələbə gözləyirdim. Çünki bundan əvvəl Slovakiyanı məğlub etmişdilər. Komandada əhval-ruhiyyənin yüksək səviyyədə olduğu hiss olunurdu. Qazaxıstana qarşı da istəkli futbol oynadılar, qələbə layiq idilər. Qazaxıstan da qrup liderliyini artıq təmin etmişdi. Buna baxmayaraq mübarizə aparırdılar. Amma millimiz çox istəkli və əzmkar oynadı.

- Millinin son üç görüşdə qalib gəlməsini nə ilə əlaqələndirirsən?
-
 Bütün futbolçularımız klublarında oynayır. İstər yerlilərimiz, istərsə də legionerlərimiz yaxşı formadadı. Elə ona görə də millimiz son üç görüşünü yüksək səviyyədə keçirərək qalib gəldilər. Çempionatın əvvəlində isə çətinlik yaranır. Çünki futbolçular da asan deyil. Futbolçular tam formada olmayanda belə olmur. Ancaq formada olaraq oynayan oyunçuların son üç görüşdə necə oynadığını, qalib gəldiyini gördünüz.

- Canni De Byazinin hər hansı sistem dəyişikliyinə getdiyini və ona görə də qalib gəldiyini düşünürsən?
- Bu, Canni De Byazinin öz seçimidi. Rəqibləri o analiz edir və yəqin ki, düzgün qərar verib. Buna görə də komanda qalib gəlib. Millimizin hücum futbolu oynaması komandaya qələbə qazandırdı. Hər halda, rəqibləri tam analiz etdikdən sonra hazırkı sistemdə oynamağa üstünlük vermişdi. Bu da özünü göstərdi. 

- Səncə, onu postunda saxlamaq lazımdı, yoxsa göndərmək?
- Bu haqda nəsə deyə bilmərəm. Çünki qərarı verən AFFA rəhbərliyidi.

- Azərbaycan millisinin hazırkı heyəti ilə daha yaxşı nəticə etmək mümkündü?
- Hər bir futbolçunun hazırlıq durumu yüksək səviyyədə olarsa, milliyə xeyir verə bilər. Hazırkı futbolçularla da nəticə vermək mümkündü. Onlar öz klublarında bugünkü kimi oynayarsa, formada olarsa, oyun praktikası yüksək səviyyədə milliyə gələrsə, istənilən nəticələri də etmək olar. Niyə də etməyək?

- Necə düşünürsən, AFFA seçimini yerli baş məşqçidən yana edərsə, yerli mütəxəssislər arasında kimə tapşırmaq olar? 
-
 Qurban Qurbanov Azərbaycanda öz sözünü demiş biridi. Uzun illərdir ki, "Qarabağ"ı çalışdırır, komandaya çempionluqlar yaşadır, komandanı avrokuboklarda qruplar mərhələlərinə vəsiqə qazanmasının səbəbkarıdı. Qurban müəllim nəticə verən biridi. Azərbaycanda yüksək səviyyəli olan məşqçilərdən biri Qurban Qurbanovdu. Son illərin ən yaxşı məşqçisidi. Öz işi ilə bunu sübut edir. Amma yenə də qərarı AFFA rəhbərliyi verir. Onlar qərarını verərək, Qurban Qurbanovu baş məşqçi postuna gətirə bilər.

Mirbağırağa

Xəbər xətti