İsveç klubunun azərbaycanlı futbolçusu: "Məni istəyən komandaların adını deyə bilmərəm" - MÜSAHİBƏ

13:51 - 25 Sentyabr 2023

Karyerasını İsveçin "Savadalens" klubunda davam etdirən Ayxan Cabbarov Sportal.az saytına müsahibə verib. Həmyerlimiz İsveçdəki durumundan, gələcək karyerası ilə bağlı gözləntilərindən danışıb.

- "Savadalens"də işlərin necə  gedir? Daha yuxarı liqaya yüksəlmək üçün şansınız var?

- İşlərim yaxşı gedir. Yüksək liqadan 1-2 təklifim var. Sadəcə bu işlərlə agentlərim məşğuldur. Bu barədə mənim nəsə deməyim doğru deyil. Komandanın yüksək liqa şansına gəldikdə, oynayırıq, mübarizə aparırıq, necə olacağını sonda görəcəyik.

- Maraqlıdır ki, bu sezon öz performansından razısan, yoxsa daha yaxşı çıxış edə bilərdin?

- Öz performansımdan razıyam. Amma hər zaman daha yaxşısını istəyirəm, öz üzərimdə çalışıram. Komandaya gələndə, iki dəfə baş məşqçi dəyişikliyi olub. Hər məşqçinin də öz ideyası, futbola baxışı var. Keçən ilə baxanda, bu mövüm komandanın vəziyyəti o qədər də yaxşı deyil. Hər halda, komanda üçün ən yaxşısını etməyə çalışıram.

- Nə vaxta qədər "Savadalens"də oynayacaqsan? Yeni ildən sonra da bu klubda qalacaqsan, yoxsa səncə artıq ayrılmaq vaxtı çatıb?

- İsveçdə mövsümün bitməsinə iki ay qalıb. Ondan sonra azad agent statusunda olacam. Yeni ildən sonra necə olacağını görəcəyik. Hadisələri qabaqlayıb, nəsə demək istəmirəm.

- Bir neçə klubdan təklifin var idi. Bu qış onlardan birini dəyərləndirmək istəyirsən? Yeni komandan da İsveç klubu olacaq, yoxsa necə?

- Bayaq qeyd etdiyim kimi, İsveçdən iki klubdan təklif almışam. Bununla yanaşı, başqa ölkə klubundan da dəvət gəlib. Ciddi maraqlanırlar. Amma məni istəyən komandaların adını deyə bilmərəm. Çünki bütün işlərlə agentlərim məşğuldur. Onlar heç bir məlumat verməyiblərsə, mən də heç nə deyə bilmərəm.

- Bir müddət əvvəl AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Solnada İsveç millisi ilə qarşılaşmış və 0:5 hesabı ilə uduzmuşdu. Həmin oyunu yəqin ki, izləmişdin. Görüşü necə xatırlayırsan?

- Bəli, oyuna baxdım. Futboldur da, hər cür hesab qeydə alına bilər. Reallığa baxanda, İsveç Azərbaycan millisindən bir baş üstündür. Bundan sonrakı oyunlara fikir vermək, daha güclü hazırlaşıb, daha yaxşı performans sərgiləmək lazımdır.

- Necə düşünürsən, Bakıdakı matçda Azərbaycan İsveçdən xal ala bilər? 

- Bakıda niyə də olmasın? Öz meydançamızda oynayacağıq. Azarkeşlərimizin dəstəyi olacaq. Bu da yaxşı motivasiyadır. Ona görə niyə də olmasın? Ümidvaram ki, hər şey Azərbaycan millisi üçün yaxşı olacaq.

Mirbağırağa

Xəbər xətti