"Mingəçevir"dən xəbər var: "Əgər çempion olacağıqsa, dəstək olmağa davam edim" – Rafael Bunyatov

13:11 - 31 Dekabr 2025

Maddi problemlərlə üzləşən I Liqa təmsilçisi "Mingəçevir"dən xəbər var.

Sportal.az xəbər verir ki, bu barədə Prosport.az-a "Mingəçevir" klubunun rəhbəri Rafael Bunyatov danışıb.

O bildirib ki, komanda çempionluğa oynayacaqsa, maddi dəstək verməyə davam edəcək: "Son oyunlarda çoxlu lazımsız xallar itirdik. "Şəfa"ya, "Baku Sportinq"ə evdə uduzduq, "Şahdağ Qusar"la heç-heçə etdik. Nəticədə lider "Şəfa" ilə aramızda xal fərqi 9-a yüksəldi. Turnir cədvəlində də 4-cü sıraya düşdük.

2 gün əvvəl baş məşqçi Ramiz Məmmədovla görüşdüm. O dedi ki, hələ çempionluq şanslarımız var. Əslində "Şəfa", "Baku Sportinq" və "Səbail"lə hələ  oyunumuz var. Həmin matçlarda qalib gəlsək, Premyer Liqaya çıxmaq şansımız olacaq. Mən də Ramiz müəllimə demişəm ki, əgər çempion olacağıqsa, dəstək olmağa davam edim. Yox əgər belə deyilsə, B planına keçək və xərcləri azaldaq. Sadəcə, klubun baş meneceri Vüqar Hüseynzadənin sözlərinə görə, artıq çempionluq şanslarımız qalmayıb. Bu 2 şəxs yekun söz bildirməlidir. Qışda 4 yeni transfer etməyimiz də mümkündür".

Maraqlıdır ki, maddi vəziyyəti pis olduğundan, kluba yeni sponsor da gələ bilərmiş: "Söz verildi. Ancaq heç bir dəstəkçi ortaya çıxmadı".

Rafael Bunyatov tam etiraf etməsə də, sözlərindən belə qənaətə gəlmək mümkün olur ki, "Mingəçevir"də vəziyyət heç də ürəkaçan deyil. Xüsusən Ramiz Məmmədovla Azərbaycan Voleybol Federasiyasında icraçı direktor da işləyən Vüqar Hüseynzadə arasında münasibətlər korlanıb. Hər halda bir tərəf çempionluğa iddia edib, digəri əksini qeyd edirsə, bu belədir.

Qeyd edək ki, "Mingəçevir" I Liqada 21 xalla 4-cü sıradadır. Komanda fevralda XIII tur çərçivəsində Şamaxıda "Şimal"ın (Xaçmaz) qonağı olacaq.

Xəbər xətti