Braziliyalı müdafiəçi: "Ən keyfiyyətli komandaları Azərbaycanda gördüm"

14:22 - 2 Yanvar 2026

Braziliyalı müdafiəçi Eduardo Kunde bu yay keçdiyi "Qəbələ"də keçirdiyi vaxtdan danışıb.

Sportal.az xəbər verir ki, “Jornal Ibiá” nəşrinə danışan Kunde Azərbaycanda xoşbəxt olduğunu bildirib:

"Ailə təməldir, enerjimizi bərpa etdiyimiz və irəliləyə biləcəyimiz yerdir. Braziliyadan kənarda yaşadığım təcrübə sayəsində dil və mədəniyyət kimi bütün digər məsələlərə öyrəşmişəm. Yaponiya və İndoneziyada oynamışam, Asiya ölkələri həm mədəniyyətə, həm də futbolun özünə böyük təsir göstərir. Düşünürəm ki, onlar daha çox qaçırlar. Lakin bu, çox vaxt lazımsız olur. Digər tərəfdən, Bolqarıstan daha yüksək taktiki və texniki səviyyəyə malikdir. Azərbaycan həm texniki, həm də taktiki cəhətdən ən keyfiyyətli komandalar gördüyüm ölkədir. Bu, çox yaxşı, həm də yaxşı təşkil olunmuş liqadır. Komandalar kompakt və mütəşəkkil qalarkən topa sahib olmağa və sürətli hücumlara üstünlük verirlər. Azərbaycan çempionatı məni həqiqətən təəccübləndirdi. “Qəbələ”ni seçməyim düzgün qərar idi. Burada oynamaqdan çox xoşum gəlir".

Kundenin fikrincə, mövsümün qalan hissəsində “Qəbələ” daha uğurlu olacaq: "Qəbələ” hazırda çempionatda sonuncudan ikinci yerdə olsa da, komanda mövsümün ikinci hissəsində vəziyyətini yaxşılaşdırmaq imkanına sahibdir. Azərbaycan Kubokunda artıq ilk iki mərhələni keçərək 1/8 finala vəsiqə qazanmışıq. Məqsədimiz titul uğrunda mübarizə aparmaqdır. Bu, vacib turnirdir".

Braziliyalı müdafiəçi Azərbaycanda tək yaşamır. Həyat yoldaşı və bir yaşlı oğlu Eduardo Kundenin bu Avropa ölkəsində əsas dayağıdır. 2024-cü ilin sonundan bəri futbolçu peşəkar karyerasını ata rolu ilə birləşdirir: “Bu, xüsusilə ölkə xaricində böyük bir çətinlik və böyük məsuliyyətdir. Eyni zamanda, ailəmin yanımda olmasından çox qürur duyuram. Həyat yoldaşım olmasaydı, bunların heç biri mümkün deyildi".

Xəbər xətti