"Modriç geri dönəcək və Rabiot transfer olunacaq" - Alleqri "Real"a baş məşqçi olarsa...

23:00 - 5 Mart 2026

Massimiliano Alleqri əgər "Real"a baş məşqçi təyin olunsa, hazırkı komandasından iki futbolçunun transfer olunmasını xahiş edəcək. Daha əvvəl xəbər verilmişdi ki, “kral klubu” yayda 58 yaşlı italiyalı mütəxəssisi baş məşqçi təyin etmək istəyir. Klub prezidenti Florentino Peres artıq iki dəfə – 2019 və 2021-ci illərdə dəvət etməyə çalışdığı təcrübəli məşqçiyə yenidən şans vermək niyyətindədir.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Alleqri hazırda "Milan"da hər şeydən razıdır. Lakin o, Madrid klubu ilə danışıqlara başlasa, iki şərt irəli sürəcək.

Birinci şərt Luka Modriçin kluba qaytarılmasıdır. Xorvatiyalı yarımmüdafiəçinin "Milan"la müqaviləsi “1+1” formatındadır və əməkdaşlığın davam edib-etməyəcəyi hələ müəyyənləşməyib. Alleqri 40 yaşlı Modriçə komandada “madrid ruhunun qoruyucusu” rolunu vermək istəyir.

İkinci şərt isə yarımmüdafiəçi Adrien Rabiotun transferidir. Fransalı futbolçu Alleqrinin "Yuventus"dakı dövründə mühüm rol oynayıb və hazırda da "Milan"ın liderlərindən biri sayılır.

Xəbər xətti