Misli Premyer Liqasının VI turu çərçivəsində “Turan Tovuz” evdə “Zirə”ni qəbul edəcək. Görüş 19 sentyabrda, saat 17:30-da Tovuz şəhər stadionunda baş tutacaq.
Sportal.az xəbər verir ki, veteran futbolçu Vidadi Rzayev “Futbolpress.az“a açıqlamasında qarşılaşma haqqında fikirlərini bölüşdü:
– Əvvəlki turlarda da qeyd etdiyim kimi, “Turan Tovuz”un göstərdiyi futbol heç də xoş təəssürat bağışlamır. Çox sönük oyun nümayiş etdirirlər. Komandada aqressivlik, hücum xəttində isə kəsərlilik çatışmır. Statistika da göstərir ki, çox az qol vururlar, hücum keyfiyyəti aşağıdır. Bu matçda “Zirə”ni favorit görürəm.
– “Zirə” son vaxtlar daha hücumameyilli futbola üstünlük verir…
– Bəli, bunu “Qarabağ”la matçda da göstərdilər. Düzdür, “Sabah”a böyük hesabla məğlub oldular, amma futbolda bir söz var: bir oyunda 10:0 uduzmaq, 10 oyunda 1:0 uduzmaqdan yaxşıdır. “Zirə”nin həm legionerləri, həm də yerli futbolçuları oyunu artırıblar, bəyənilən futbol oynayırlar. Mənim bu matçda favoritim məhz “Zirə”dir.
– Tovuzluların çempionluq yarışında mübarizəyə potensialı varmı?
– Ehtiram Quliyev bu il çempionluğa oynadıqlarını demişdi. Lakin göstərdikləri futbol bunu deməyə əsas vermir. Qış transfer pəncərəsində nəyisə dəyişəcəklərinə də inanmıram, çünki ən yaxşı vaxt yay toplanışıdır. Antalya toplanışında ən çox qalan komandalardan biri “Turan Tovuz” oldu, amma normal heyət qura bilmədilər. İndi 5 turdan sonra dəqiq proqnoz vermək tez olsa da, oyunları göstərir ki, “Sabah”, “Qarabağ”, “Zirə” və “Neftçi” kimi iddialıların yanında onlar 5-ci, 6-cı yerlər uğrunda mübarizə apara bilərlər.
– Sizcə, bu gedişlə mövsümün sonunda avrokubok zonasına düşə biləcəklər?
– Əgər belə xal itirməyə davam etsələr, avrokubok pillələrinə yüksələcəklərini düşünmürəm. Çünki hazırkı oyun tərzi buna imkan vermir. Bəlkə də gələcəkdə nəsə dəyişdi, qarşıda turlar çoxdur, amma indiki mənzərə mənfi təsir bağışlayır.
saytlarin hazirlanmasi
