Güc strukturlarını futbola cəlb edək: "Dinamo" qayıtsın, MOİK dirçəlsin

14:15 - 4 Dekabr 2014

"Ədliyyə"ni də Premyer Liqaya qaytarmaq lazımdır, amma...

 

Tahir Süleymanovun tez-tez istifadə etdiyi “sizli-bizli” ifadəsini bəzən o qədər önəmsəməsək də, əslində, futbolun inkişaf açarı elə bu ifadənin mahiyyətindədir. Futbolun inkişafından danışırıqsa, iş adamları, nazirliklər, dövlət qurumları da bu sahənin inkişafına təkan verməlidirlər.

 

Bu gün Premyer Liqamızda 9 klub var ki, əksəriyyəti maliyyə problemləri içində çabalayır, çoxunun ciddi infrastrukturu yoxdur, vəziyyət o yerə çatıb ki, klubların uşaq futbolunu AFFA öz hesabına saxlayır. Və sual yaranır: nə vaxta qədər?

 

Təəssüfləndirici mənzərədir: zəngin ölkə, xeyli sayda imkanlı iş adamı və bunun qarşılığında cəmi 2-3 normal futbol klubu!

 

Bizi qarşıda AVRO-2020 kimi turnirin ev sahibliyi gözləyir. Bu o deməkdir ki, təşkilatçı ölkə kimi futbolumuz da beynəlxalq media tərəfindən araşdırılacaq. Baxacaqlar ki, klubların ciddi infrastrukturu yox, maliyyə imkanları pis. Oyunların tamaşaçı sayı aşağı, kütləvilik hiss olunmur...

 

Həmin vaxta qədər ölkə futbolunun durumunu yüksəltmək üçün artıq indidən işə başlamalıyıq. İlk növbədə güc strukturları futbola cəlb olunmalıdır.

 

Müdafiə Nazirliyinin futbol klubu (MOİK) birinci divizionda gün keçirir.  MOİK bizə Premyer Liqada lazımdır, özü də iddialı klub kimi. Zakir Həsənovun gəlişindən sonra nazirlikdə xeyli islahatlar aparılsa da, Mərkəzi Ordu İdman Klubunun inkişaf etdirilməsi istiqamətində heç bir addım atılmadı. Büdcəsi milyardı aşan nazirlik illik büdcəsi 4-5 milyon manat olan klub yaratmalı, ciddi infrastruktur qurmalı, uşaq futbolunu da inkişaf etdirməlidir. Klub Bakıda yox, Bərdə və ya digər bölgədə çıxış etməlidir. Kluba peşəkar idarəçilər və peşəkar (müqavilə əsasında) futbolçular gətirilməlidir. MOİK iddialı olsa, hələ uzun illər Azərbaycan futboluna xeyir verəcək.

 

Bir vaxtlar çempionatımızda Daxili İşlər Nazirliyinin “Dinamo” klubu çıxış eləyirdi. “Bakı” klubu elə məhz həmin “Dinamo”nun nəzdində yarandı. Ancaq futbolumuzun “Dinamo”ya ehtiyacı var. DİN kimi güclü bir nazirliyinin iddialı futbol komandasını yaratmaq olar ki, o da misal üçün, Gəncədə və ya Tovuzda formalaşa bilər. Bu nazirliyin iddialı klub yaratması üçün hər cür imkanları var.   

 

Bundan başqa, bir vaxtlar mövcud olan “Ədliyyə”ni də Premyer Liqaya qaytarmaq lazımdır, ancaq mütləq iddialı klub kimi!

 

Emin ABBASOV

Xəbər xətti