Tərlan Əhmədov: "Bu il "Qarabağ"ı məğlub etmişik, amma "İnter"lə oyun alınmır"

18:48 - 9 Aprel 2016

"Uduzmuşuq, səbəbi başqadır"
 
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 29-cu turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib.
 
Sportal.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
"Özüm də oyundan əvvəl tərəddüd edirdim ki, hücum xəttində problem yaşayacağıq. Çünki Muradın səhhətində problemin yaranması, temperaturunun qalxması pis oldu. "İnter"in nizam-intizamlı müdafiəsini, aqressiv oynadığını bilirdim".
 
"Çalışdıq ki, onların bir səhvindən istifadə edib qol vuraq. Futbolçularımız tapşırığı yerinə yetirdi, amma hər halda bir xal götürsək, daha yaxşı olardı. Qismətimizdə bu vardı. Futbolçularımızdan razıyam. Məğlubiyyət bizə qarşıdakı oyunlar üçün motivasiya olacaq. Komandaya iki gün istirahət veriləcək. Fikrət Hüseynov da futbolçularla görüşdü və danışdı. Qarşıdakı oyunlara köklənmək lazımdır. "Sumqayıt"la oyuna yeni əhval-ruhiyyədə hazırlaşmalıyıq. Futbolçuları hazırlıq səviyyəsinə görə meydana buraxıram. Qurulinin başqa potensialı var. Bu gün ehtiyatdan oyuna daxil oldu və hiss olunur ki, dəyişiklik var. Sol cinahda tək futbolçumuz Emin Cəfərquliyevdir. Ona nəsə olsa, həmin cinahda oynayan başqa futbolçumuz yoxdur. "İnter"i məğlub edə bilmirik. Hər bir komandanın sevmədiyi bir rəqib var. Bizdə də "İnter"lə alınmır. Bu il "Qarabağ"ı məğlub etmişik, amma "İnter"lə oyun alınmır. Bizim üçün xoş olmayan komandadır. Mənim ötən ildəki Fred kimi hücumçum olsa, başqa cür alınardı. Mən də istərəm ki, xal qazanım. Bu gün məğlub olmuşamsa, o mənim işimdir. Mütəmadi oynamaq bəhanə deyil. "Real Madrid" və "Barselona" ildə 70-80 oyun keçirir, amma heç kim şikayət etmir. Uduzmuşuq, səbəbi başqadır və bu da futbolçularla aramızda müzakirə olunacaq".
 
Əhmədov klubun fəxri prezidenti Cahangir Hacıyevlə görüşdən söz açıb: "O, görüş deyildi. Sadəcə, ağır atletika ilə bağlı gəlmişdi və bazalar yaxın olduğundan bizimlə də görüşdü. Ətraflı məlumat verildi. Yaxşı olacağına inanıram. Klub prezidenti Zaur müəllimdir və yaxın vaxtlarda klubun vəziyyəti ilə bağlı irəliləyiş olacağına inanırıq".
 
Baş məşqçi xərçəng xəstəliyi aşkarlanan Rüfət Musayevin vəziyyətindən də danışıb: "Ayın 11-də onu və dayısını müalicə üçün yola salacağıq. Maddi yardımlar ödənilir. İki dəfə müalicə üçün gedib və xərclər ödənilib. Hər gün onunla danışırıq. Futbolçular əmək haqqı, mükafat alanda ona da verilir. Vəziyyətində irəliləyiş var. Həkimlərin vəziyyətinə görə şiş balacalaşıb. Ola bilsin ki, bu dəfə əməliyyat olunsun". (futbolinfo.az)

Xəbər xətti