Sabah Azərbaycan kubokunda finalçılar müəyyənləşəcək.
Yarımfinal mərhələsinin ilk oyununda "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Qəbələ"ni qəbul edəcək. Cütün ilk görüşündə "Qəbələ" 1:0 hesablı qələbə qazanıb. Ağdam klubu finala adlamaq üçün rəqibinə 2 top fərqi ilə qalib gəlməlidir. Qurban Qurbanovun kollektivi 1:0 hesablı qələbə ilə matçı əlavə vaxta və penaltilərə apara bilər. Qonaqların vuracağı qol matçın əlavə vaxta getməməsinə səbəb olacaq. Bundan əlavə, səfər qolu "Qəbələ"ni daha da şanslı edəcək.
"Qəbələ" ümidini kuboka bağlayıb. Komanda Premyer Liqada 3-cü yeri tutmaq şansını düyünə salıb. 4-cü yeri tutmaq isə avrokuboklara vəsiqə verməyə də bilər. "Qəbələ" mübarizəni dayandırsa, "Qarabağ" isə finalda məğlub olsa, Sənan Qurbanovun kollektivi Avropa səhnəsinə çıxmayacaq. Bu səbəbdən "qırmızı-qaralar" kuboka göz dikib.
"Qarabağ" isə Premyer Liqada çempionluq uğrunda mübarizədə ötən tur böyük addım atdı. Ağdamlılar "Neftçi"ni 5 xal qabaqlayır. "Köhlən atlar"ın mövsümü iki titulla bitirmək şansları var.
"Qarabağ"da Maksim Medvedev cəza üzündən görüşü buraxmalı olacaq. Bundan əlavə, braziliyalı qapıçı Vaqner da Silva zədəli olduğu üçün meydana çıxmayacaq.
"Qəbələ"də də əsas qapıçı Dmitri Bezotosnı zədəlidir və oyunu buraxacaq. Komandanın aparıcı üzvü Stiven-Jozef Monroz cəzalı olduğu üçün komandasına kömək etməyəcək.
İkinci finalçının adı Zirədə bəlli olacaq. Qəsəbədə yerli komanda ilə "Sumqayıt" qarşılaşacaq. İlk oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Çempionatda iddiaları qalmayan klublar ümidlərini kuboka bağlayıb.
"Sumqayıt" Premyer Liqanın 26-cı turunda "Neftçi"ni məğlub etməklə rəqibinə çempionluq mübarizəsində böyük zərbə vurdu, özü isə elitada qalmaq uğrunda önəmli addım atdı. "Zirə" də bütün gücünü kuboka saxlayıb. Oyunda vurulacaq qol matçı əlavə vaxt aparmayacaq. "Sumqayıt"ın vuracağı hər qola meydan sahibləri 2 dəfə cavab verməlidir. Buna görə də meydan sahibləri bir qədər daha ehtiyatlı oynayacaq.
"Neftçi" ilə oyundan sonra motivasiya ilə "Zirə" qarşısına çıxacaq "Sumqayıt" mövsümün uğursuzluğunu finala çıxmaqla unutdurmaq istəyir. Eyni amil "Zirə"yə də aiddir. Avrokubokları hədəfləyən klublar final uğrunda oyunda əllərindən gələni edib, döyüşəcəklər.
"Zirə"də Sadio Tounkara cəzalıdır. "Qartallar"ın qapıçısı Kamal Bayramov isə zədəsini sağaldıb. 33 yaşlı əlcək sahibi komandanı kapitan kimi meydana çıxarmağa hazırdır.
Kubokun final oyunu mayın 19-u Naxçıvan şəhər stadionunda keçiriləcək.
1 may (çərşənbə)
“Qarabağ” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00
“Zirə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Zirə İdman Kompleksinin stadionu, 20:00