Qurban Qurbanov: "Bu, mənim karyeramın ən dəyərli hədiyyəsi idi"

21:59 - 15 Aprel 2022

"Qarabağ" Azərbaycan Premyer Liqasının XXIII turunun oyununda "Şamaxı"nı 8:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Futbolçularımı təbrik edirəm. Bu oyuna yaxşı hazırlaşmışdılar. Bu, ilk dəqiqələrdən görünürdü. Azarkeşlər oyundan zövq aldılar. "Şamaxı"ya uğurlar arzu edirəm. Böyükhesablı oyunlar il ərzində 1-2 dəfə olur. Mənim öz karyeramda da belə hesablı oyunlar olub. Bir dəfə 2:6 hesabı ilə məğlub olmuşuq. Bu futboldur, bundan qaçmaq mümkün deyil. Qarşıdakı oyunlar bizim üçün çətin olacaq. Şamaxıda çoxlu azarkeşlərin qarşısında oynayacağıq. 


- Bu qələbəni doğum günü hədiyyəsi kimi qəbul etmək olar?

- Mənim üçün hər qələbə böyük hədiyyədir. Futbolçuların hər biri sağ olsunlar. 


- İbrahimə Vasji ilə Norveç klublarının maraqlandığı xəbərləri var. Vadji bu gün uzun müddətdən sonra start heyətdə meydana çıxıb 3 qol vurdu. Onun oyununu necə dəyərləndirirsiz?

-Vadji ilə maraqlanan klublar var idi. O, bizim vacib oyunçularımızdan biridir. Çalışıram ki, hər futbolçu şans qazansın. Hər oyunçu mənim üçün çox vacibdir. 


- Hər il aldığınız mükafatların sayı artır. Bu mükafatlar məsuliyyətinizi daha da artırır?

- Mütləq artırır. Mənim gələcək karyeram, işim üçün bu mükafatlar çox vacibdir. Əlbəttə ki, daha da işgüzar olmalıyam. Hər kəsə təşəkkür edirəm. 


- Prezident İlham Əliyev sizi "Şöhrət" ordeni ilə təltif etdi. Bundan əvvəlcədən xəbəriniz var idi? Bu ordenlə bağlı təəssüratlarınızı bilmək istərdik...

- Bu, mənim karyeramın ən dəyərli hədiyyəsi idi. Bir daha cənab prezidentə təşəkkür edirəm. Belə bir mükafatı əldə etmək mənim üçün böyük bir motivasiya oldu. Əvvəlcədən xəbərim yox idi. Başda cənab prezident olmaqla məni təbrik edən hər kəsə təşəkkür edirəm. 


- Qarşıda ölkə kuboku oyunları gəlir. "Qəbələ" ilə ardıcıl 3 oyun keçirəcəksiz. Bu oyunlar haqda fikriniz necədir?


- Ümumiyyətlə mən həmişə kubok oyunlarını fərqləndirmişəm, kubok tam fərqli bir turnirdir.  İstənilən komanda kuboku qazanmaq şansından istifadə etmək istəyir. Bizim hər il qarşımıza məqsəd qoyulur ki, həm kubokda, həm çempionatda yaxşı nəticələr əldə edək. Bu ildə uğurlu nəticə əldə etməyə çalışacağıq. 


- Patrik Andradenin və icarədə olan qapıçı Luka Quqeşaşvilinin müqaviləsi mövsümün sonunda başa çatacaq.  Onları komandada saxlamağı düşünürsüz?

- Hər iki oyunçudan razıyam. Hələ qarşıda oyunlarımız var. Klub rəhbərliyi danışıqlara başlayacaq. Futbolçunun da istəyi mənim üçün çox vacibdir. Luka perspektivli qapıçıdır, onda qapıçıya lazım olan bütün xüsusiyyətlər var. Sadəcə daha işgüzar, daha istəkli olmalıdır. Son vaxtlar onda çox böyük dəyişikliklər var. Qarşıda hələ xeyli vaxtımız var. 


- "Qarabağ" rəqiblərinə 4-5 qol vurur. Çempionatın səviyyəsiniz qaldırılması ilə bağlı hansı fikirləriniz var?

- Xeyr, belə fikirlərim yoxdur. Biz hər rəqibə hörmətlə yanaşırıq. Qol sayına görə kənardan asan qələbə qazandığımız görünə bilər. Biz daim özümüz yaxşı olmaq üçün çox çalışırıq. Bu da çalışmağımızın nəticəsidir. Bu sualla bağlı əlavə fikrim yoxdur.

 

Elçin Əlixan

Xəbər xətti