"Qəbələ"nin kapitanı Asif Məmmədov klubun rəsmi saytına açıqlama verib.
Sportal.az xəbər verir ki, komandanın kapitanı Türkiyədə təlim-məşq toplanışında olan komandanın hazırlıq durumu barədə söhbət açıb:
"Özümü yaxşı hiss edirəm. Komandada da hər şey əladır. Əsas odur ki, zədəli futbolçumuz yoxdur. Heyətimiz ötən mövsüm olduğu kimi kiçik olduğu üçün hər hansı oyunçunun zədələnməsi bizə çətin başa gələ bilər. “Fehervar”la ilk qarşılaşmaya 4 gün qalıb. Hər şey qaydasındadır. Belə davam etsək, vətənə müsbət nəticə ilə dönəcəyik”.
Təcrübəli futbolçu "Qəbələ"nin Konfrans Liqasındakı rəqibi olan "Fehervar" haqda da fikirlərini bölüşüb: "Rəqib güclü komandadır. Ustalıq səviyyəsi ilə seçilən futbolçuları da var. Üç matçı izləmişik. Bu komanda hücumlara çıxanda təhlükəli olur. Bizi qarşıda çətin oyun gözləyir. Təbii ki, ağır olacaq. Lakin ötən mövsüm o qədər əziyyət çəkməmişik ki, ilk rəqiblə dueldə mübarizəni dayandıraq. Futboldur, hər şey ola bilər. Mərhələ adlamaq üçün əlimizdən gələn, bizdən asılı olan hər şeyi edəcəyik”.
"Qəbələ" "Fehervar"la ilk oyununu iyulun 21-də Macarıstanda, cavab qarşılaşmasını isə bir həftə sonra Qəbələdə oynayacaq.
