Milli üzvü: "Komandamızda yüksək əhval-ruhiyyə var"

16:29 - 21 İyul 2022

Azərbaycanın qadın voleybolu üzrə millisinin hücumçusu Odina Əliyeva açıqlama verib.

Sportal.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə danışan hücumçu milli komandanın Sloveniyadakı təlim-məşq toplanışı və Konyada keçiriləcək İslam Həmrəyliyi Oyunlarındakı çıxışı haqda bunları deyib:

"İslamiadaya və Avropa çempionatının təsnifat oyunlarına hazırlığımız yüksək səviyyədə davam edir. İyulun 1-dən etibarən mən də millimizin məşqlərinə qoşulmuşam. Məşqlərə başladığım gündən etibarən çalışıram ki, tam formamı yığım. Komandamızda yüksək əhval-ruhiyyə var.

Hazırda Sloveniyada təlim-məşqlərimiz davam edir və burada yerli yığma komanda ilə bir neçə yoxlama matçı da keçirəcəyik. Bu ayın sonunadək Mariborda hazırlığımız davam edəcək. Ardınca Bakıya qayıdacaq və avqustun 5-də Türkiyəyə yola düşəcəyik.

İnanıram ki, İslam Həmrəyliyi Oyunlarında və Avropa çempionatının təsnifat mərhələsində uğurlu çıxış edəcək və qarşımızda qoyulan məqsədlərə çatacağıq".

Xəbər xətti