Azərbaycan millisi dünya çempionatında 6-cı oldu

17:17 - 23 İyul 2022

Bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatına yekun vurulub.

 

Sportal.az xəbər verir ki, son yarış günündə qadın sablyaçıların komanda yarışında ən güclü 8-liyə yüksələn Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət kollektiv yarımfinala yüksəlmək uğrunda Fransa millisi ilə qarşılaşıb.

 

Rəqibinə 25:45 hesabı ilə məğlub olan yığmamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə ABŞ seçmə kollektivinə 45:37 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada Almaniya sablyaçılarına 41:45 hesabı ilə uduzub. Komandamız ümumi sıralamada 6-cı olub.

 

Xatırladaq ki, daha öncə Anna Başta qadın sablyaçıların şəxsi yarışında dünya çempionatının gümüş medalını qazanıb.

Xəbər xətti