Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” – “Aris” matçından sonra rəqib komandanın baş məşqçisi Aleksey Şpilevski mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, belaruslu mütəxəssis komandasının 0:3 hesablı məğlubiyyətini bu cür şərh edib:
"Bu cür oyundan sonra nəsə demək çətindi. Futbolçularıma demişdim ki, biz fərqli futbol oynamalıyıq. Biz mərhələni ilk oyunda uduzduq. Çünki ilk oyunda 100 faizli qol imkanlarımız daha çox idi. Hər şey fərqli ola bilərdi. Azarkeşlər "Neftçi"yə çox kömək oldu. Buraxdığımız qollar uşaq səhvlərindən sonra oldu. İkinci buraxılan qoldan sonra inamı da itirdik. Uşaqlar "sındılar". Qırmızı vərəqəyə baxmayaraq, yenə də şans axtarırdıq. Üzücü məğlubiyyət oldu. Yəqin ki, təcrübəmiz də çatmadı. Uşaqlara dedim ki, hər məğlubiyyətdən dərs çıxarmalıyıq. Daha bir il gözləməliyik ki, avrokuboklarda oynayaq. "Neftçi"ni təbrik edirəm, onlara uğurlar arzulayıram. Ola bilər ki, növbəti mövsüm yenə də onlarla yenə görüşdü.
- "Neftçi"yə qarşı sanki düşman kimi davranırdınız. Futbolçunuz da oyundan sonra dava edirdi. Bu, mədəniyyətdiki?
- Bunun gözəl olub-olmamasına qiymət vermək sizin işiniz deyil. Siz belə futbola öyrəşməmisinizsə, mənim problemim deyil. Bu sualınızı ümumiyyətlə başa düşmədim. İngiltərə futbolunun necə oynanıldığına baxın. Bu futbolu aqressiv futbol adlandırırsınızsa, İngiltərə futboluna nə deyəcəksiz? Fikirləşmirəm ki, çox da aqressiv oyun oldu. Bu futbolu qəbul etmirsinizsə, sizin probleminizdi.
- Kiprdəki oyunda həmyerliniz son dəqiqədə 100 faizli qol epizodundan istifadə edə bilmədi. Həmin an düşündünüz ki, cütün taleyini həll edən epizod elə budur?
- Bir neçə şanslarımız var idi. Həm Kiprdə, həm də Bakıda qol epizodları yaratdıq. Çox şanslardan yararlana bilmədik. Yenə də öz səhvlərimizə baxıb, dərs çıxarmalyııq. Bəhanə axtarmaq istəmirəm. Uduzan tərəf bizik. Bəhanə axtarsam hörmətsizlik olardı. Həlledici tək epizod o deyildi.
- Taktiki cəhətdən uduzdunuz, yoxsa psixoloji?
- Bu suala dəqiq cavab bilsəydim, sizə deyərdim. Bakıda asan olmayacağını bilirdim. Biz uduzduq, növbəti mərhələyə "Neftçi" adladı.
Mirbağırağa
