Laurentsiu Regekampf: "Bugünkü döyüşkənliyi "Rapid"lə oyunda da görəcəksiniz"

23:55 - 28 İyul 2022

Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” – “Aris” matçından sonra ev sahiblərinin baş məşqçisi Laurentsiu Regekampf mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, rumıniyalı məşqçi matçla bağlı danışıb:

"Öncə futbolçularımı təbrik etmək istəyirəm. "Aris" futbolçularına da təbrik düşür. Hər iki komanda mükəmməl oyun nümayiş etdirdi. Bu oyunda üç qol vuraraq növbəti mərhələyə adladıq. Gecəboyu qələbəni bayram edəcəyik. Sabahdan etibarən işə başlayacağıq. Növbəti mərhələdə bizi "Rapid" kimi çətin rəqib gözləyir. Futbolda hər şey mümkündü. Oyunçularımla danışdım, onları təbrik etdim. Qələbəni qeyd edəcəyik. Amma sabahdan işimizə başlamalıyıq. Fanatlarımız mükəmməl idi. Bütün oyunçularımızın arxasında dayanmışdılar. Mənim üçün meydandakı 12-ci oyunçu kimi idilər. Onları səmimi qəlbdən təbrik edirəm.

- Növbəti oyunda da eyni müdafiə xəttinə güvənəcəksiniz?
- Nəticəyə görə sevinirəm. Oyundan da razı qaldım. Bütün oyunçular mükəmməl oyun nümayiş etdirdi. Sabahdan növbəti oyunun hazırlıqlarına başlayacağıq. Növbəti oyuna hansı futbolçularla başlayacağımı deməyəcəm. Futbolçular hər məşqdə maksimumu verməlidi. 

- Bu, sırf "Aris"lə oyuna hesablanmış heyət deyildi?
- Larnakadakı oyundan sonra demişdim ki, həmin oyuna tam hazır deyildik. Doğrudu, Mamadu Mbodj üçün yeni mövqedi. Amma çox güclüdü, döyüşkəndi, qaça bilir. Bəzi detallar var ki, həmin cinahda öyrənməlidi. Bu gün Mbodj mükəmməl oynadı. 

- "Rapid"lə oyunlarda da "Neftçi"nin bugünkü kimi döyüşəcəyini düşünürsüz?
- Fərqli oyun, fərqli rəqiblərdi. Söz verə bilərəm ki, bugünkü döyüşkənliyi "Rapid"lə oyunda da görəcəksiniz. Sabahdan rəqibi analiz edəcəm, komandamı hazırlayacam .

- İstədiyiniz oyunu, komanda ruhunu meydanda gördünüz?
- Yalnız bugünkü oyun haqda danışa bilərəm. Bizim görüləcək çox işimiz var. Bugünkü oyundan razı qaldım. Futbolçularımın üzərində böyük təzyiq var idi. Kiprdən məğlub qayıtmışdıq. Orada fasilədən sonra heç də yaxşı oyun göstərməmişdik. Bilirəm ki, oyunçularım bundan da yaxşı oyun göstərə bilərlər. Ola bilsin ki, ilk oyundan sonra çox adam buna inanmırdı. Amma Kiprdəki oyundan sonra paltardəyişmə otağında futbolçularımla danışdım, dedim ki, uğur qazanacağımıza inanın. Növbəti oyunda davranışımızı dəyişsək, qələbə qazanmaq şansımızın olduğunu onlara söyləmişdim. Futbolçularım oyuna yaxşı köklənmişdilər. Bu amillər növbəti matçlar üçün mənə böyük ümid verir. 

- Mamadu Mbodjun oyununuzdan razı qaldığınızı dediniz. Onun oyununu yəqin ki, analiz edərsiniz....
- Sizin gördüyünüz kimi görmədim onu. Bu, şəxsi fikrinizdi, qarışa bilmərəm, hörmətlə yanaşıram. Analiz edəcəm, daha sonra yenə danışarıq. 

- Bu gün komandanız meydanda çox ağır görünürdü. Bu, fiziki yüklənmə ilə bağlıdı?
- Hündürboy oyunçularımız çox idi. Ona görə belə görünə bilər.

- Rəqibiniz "Rapid" olacaq. İndiki heyət onları keçməyə imkan verəcək? Transfer çalışamaları davam edir?
- Kifayət qədər oyunçumuz var. Mən "Rapid"i analiz etməyə hələ konsentrasiya olmamışam. Bütün konsentrasiyam bugünkü oyuna yönəlmişdi. Amma onları da analiz edəcəm. Növbəti oyundan qabaq konfransda bu barədə sizə bir söz deyə bilərəm. 

- Bir həftədə nə dəyişdi ki, bu gün qalib gəldiniz?
- İlk oyundan sonra demişdim ki, Kiprdəki təsadüfi olan nəticə idi. Toplanışlarda futbolçularımı fərqli görmüşdüm. İlk oyundan sizin kimi narazı idim. Çox səhv etdik. Komandam oyuna köklənməmişdi. Hər oyundakı səhvləri oyunçularımla söhbət edəndə onlara göstərirəm. Onlar da bundan nəticə çıxarıb, fərqli davranırlar. Komanda, ailə qurmağa çalışırıq. Düşünürəm ki, bu gün axşam göstərdiyimiz xarakter, ruhla daha yaxşı şanslarımız var.

- Oyundan sonra təcrüməçiniz Vüqar Əliyevlə əlaqədar olaraq meyadanad qarışılıqlıq düşməsinə münasibətiniz necədi?
- Çox emosional oyun idi. Sonları daha da emosional keçdi. Hamı gözləyirdi ki, matç bitsin və növbəti mərhələyə adlayaq. Bu cür hallar baş verməməlidi. Biz qalib gəlmişik, növbəti mərhələyə vəsiqə qazanmışıq. Rəqibə hörmətlə yanaşmalıyıq. Çalışmalıyıq ki, bunu növbəti oyuna qədər qeyd edək. Vüqar da cavandı, öyrənməlidi. Əminəm ki, belə şeylər bir daha olmayacaq.

- Emin Mahmudovun fərqli mövqedə oynayır. Bu barədə nə deyəcəksiniz?
- Emin sistemimiz üçün çox vacib oyunçudu. Biz onu sırf "10" nömrə kimi oynatmalı deyilik. Mənim üçün sərbəst oyunçudu. Hücumçu arxasında da oynaya bilər. Hər matçda 13 km məsafə qət edir. Bir az da qol epizodlarında lazımı mövqedə olsa, onu "10" nömrə kimi görə bilərik. Amma hazırda mükəmməldi, çox yaxşı oynayır. Fikrimcə, orta sahədə istənilən mövqedə rahatlıqla oynaya bilər. Sezar Meza Kolli zədələnib. Onun üçün həmin mövqedə oyunçu seçimi etməliyik.

- Azər Əliyev niyə şans qazanmır? 
- Onun oynamaq üçün vaxtı olacaq. Bütün oyunçulara şans veriləcək. Növbəti həftələrdə çox oyunumuz var. Məşq edib, hazır olmalıdılar. 

- Növbəti həftə Azərbaycan Premyer Liqası başlayır. Hələ ki, tam optimal formada olmayan "Neftçi" hər iki cəbhədə mübarizə apara biləcək? Əsas rəqibiniz olan "Qarabağ"ın oyununu izləmisiniz?
- Dünən "Qarabağ"ın oyununa baxdım. Çox sevinirəm ki, Azərbaycanda futbolun səviyyəsi bu yerdədi. Onlar mükəmməl futbol oynayırlar. Biz də bu gün eyni səviyyədə oyun nümayiş etdirdik. Çətin olacaq. Avrokuboklara vəsiqə uğrunda mübarizə qızğın gedəcək. Çünki bərpa olmaq üçün vaxtımız yoxdu. Bunun üçün də əlimizdə olan oyunçuları hazır vəziyyətə gətirməliyik. Hazırda "Qarabağ"la oyunları düşünmürəm. İndi növbəti oyuna konsentrasiya olmuşam.

- "Rapid"i keçə biləcəksiniz?
- "Rapid"i analiz edəcəyik. Əminəm ki, onlar başqa səviyyə olacaq. Avstriya çempionatının səviyyəsi Kipr liqası ilə müqayisədə daha güclüdü. İki ağır oyun keçirəcəyik. Ona görə seçdiyimiz taktika hər iki oyuna yönəlməlidi. Avstriyadakı atmosferin necə olacağını bilirəm. Ümidvaram ki, hər iki oyunda komandam istənilən səviyyədə olacaq.

- Azər Salahlının durumu nə yerdədi?
- Ümid edirəm ki, Azərin zədəsi ciddi deyil. Növbəti oyunda da onu sərəncamımda görəcəyimə inanıram. 

- Ən çox hansı mövqeyi gücləndirmək istəyirsiniz?
- Hazırda komandama köklənmişəm. Vaxt olsa, lazımı oyunçunu tapa bilsək, güclənə bilərik. Mövqe haqda danışmaq istəmirəm. Çünki bunu indidən desək, qiymət daha da artacaq. Bu, rəhbərliyin işidi. Onlar gündəlik nələrdən danışdığımızı bilirlər. Əlbəttə ki, şansımız olsa, keyfiyyətli oyunçu cəlb edəcəyik. Uduzsam da, qalib gəlsəm də, oyunçu tələb etməyəcəm. Bu, mənim komandamdı və onlarla işləməyə davam edəcəm.

Mirbağırağa

Xəbər xətti