"Kopenhagen" heyətinə Kadi səviyyəsində oyunçu qatanda onu komandada saxlaya bilir"

19:51 - 13 Dekabr 2023

"Kopenhagen" Çempionlar Liqası qrup mərhələsinin son turunda "Qalatasaray"ı 1:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəldi.

Danimarka təmsilçisi 2017/2018 mövsümündə turnirin pley-off mərhələsində "Qarabağ"la rəqib olmuşdu. Təmsilçimiz həmin zaman iki oyunun nəticəsinə əsasən rəqibini üstələyərək ÇL-in qrupuna yüksəlmişdi.

"Kopenhagen"in uğurlu olması ilə bağlı futbol agenti Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. Sportal.az saytına danışan funksioner düzgün iş görüləndə nəticə əldə etməyin mümkün olduğunu bildirdi:

"Kopenhagen"in "Bavariya" və "Mançester Yunayted"in olduğu qrupdan pley-offa çıxması, üstəlik "Qalatasaray"la şəxsi görüşlərdə üstün nəticə göstərməyi bizim yadımıza "Qarabağ"ın Danimarka təmsilçisini mübarizədən kənarlaşdırması saldı. Bir neçə il əvvəl Azərbaycan təmsilçisinə məğlub olan komanda o cür qrupdan növbəti raunda yüksəldi. Deməli, düzgün iş görəndə yaxşı nəticələr əldə etmək olar".

Səfiyarlı "Kopenhagen"la "Qarabağ"ı müqayisə edərkən bir neçə detallara toxundu. Onun sözlərinə görə, uğur əldə etmək üçün bir neçə detallar var. Onlardan biri futbolçu amilidir:

"Azarkeşlər müzakirə edirlər ki, necə olur vaxtilə "Qarabağ"ın mübarizədən kənarlaşdırdığı komanda Çempionlar Liqasında pley-off mərhələsinə çıxır. Burada çox detallar var. 2-3 yaxşı futbolçu komandanın səviyyəsini dəyişə bilir. O dövrlə müqayisədə "Qarabağ"ın gücləndiyini deyə bilmərik. Yaxud Kadi Borgesin oynadığı dövr. Braziliyalı futbolçu komandanın gücünə güc qatırdı. Onun gedişi "Qarabağ" üçün böyük itki oldu. Bəlkə hələ də yeri dolmayıb. Ümumi qlobal götürsək, "Kopenhagen" heyətinə Kadi səviyyəsində oyunçu qatanda onu komandada saxlaya bilir. Çünki, çempionatları maraqlıdır. Hər zaman yaxşı yerlər uğrunda mübarizə aparırlar, azarkeş dəstəyi yaxşıdır, yaxşı stadionlarda oynayırlar. "Qarabağ"da yaxşı oyunçu ortaya çıxanda onu saxlamaq çox çətin olur. Çünki, hamı daha yaxşı çempionata getmək istəyir. Düzdür, gedənlərin əksəriyyətinin karyerası uğurlu alınmır, geri qayıdanlar olur. Bununla belə futbolçular yaxşı səviyyəyə çatanda Azərbaycanı tərk etmək istəyirlər. Sonradan onlar üçün geri qayıdanda əvvəlki formalarını qaytarmaq cərin olur. Bu, "Qarabağ" üçün də böyük vaxt itkisi ilə nəticələnir. Azərbaycan çempionatında tam ideal komanda qurmaq çox çətindir. Çempionatı, infrastrukturu yaxşı olan ölkələrdə belə problemlərlə az hallarda rastlaşırlar. "Kopenhagen"in büdcəsi də "Qarabağ"la müqayisədə çoxdur, oyunçulara daha yaxşı maaş verə bilir. Yerli futbolçuların səviyyəsi yaxşıdır deyə legionerlərə yüksək maaş verəndə klubda balans pozulmur. Amma bizdə belə problem yaranır. "Kopenhagen"in heyətində dünən meydana çıxan yerli futbolçuların səviyyəsi çox yaxşı idi. Amma biz həmin müddətdə neçə yerli futbolçu yetişdirə bilmişik? Tək "Qarabağ", ümumiyyətlə Azərbaycan futbolu. 2-3 nəfər ola, ya olmaya. İnkişaf çox ləng gedir. Bunun özü də bir problemdir".

Elçin Əlixan

Xəbər xətti