"Qarabağ" 2017/2018-ci illər mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen"i mübarizədən kənarlaşdırmışdı.
Danimarka təmsilçisi cari mövsümdə "Bavariya", "Mançester Yunayted" və "Qalatasaray"ın yer aldığı qrupu ikinci pillədə tamamlayaraq pley-offa yüksəldi. Aradan 5 il keçib və Azərbaycan çempionunun mübarizədən kənarlaşdırdığı "Kopenhagen" qitənin ən nüfuzlu klub turnirində uğurlu çıxış ilə yadda qalır.
Futbol agenti Səbuhi Səfiyarlı inkişafın necə baş verməsi ilə bağlı fikirlərini Sportal.az saytı ilə bölüşüb. Onun sözlərinə görə, inkişaf yoxdursa, fərqli proqramların üzərində çalışmaq lazımdır:
"Şimal ölkələrində bir proqramı qəbul edirlər, yaxşı nəticələr əldə edirlər və o proqramla davam edirlər. Görəndə ki, proqram nəticə vermir, onu dəyişirlər. İşçi Qrupu müzakirə edir və qərar verir ki, uğurların yenidən gəlməsi üçün nəyi dəyişmək lazımdır. Bizdə 30 ildir heç bir nəticə yoxdur, amma heç nəyi dəyişmirlər. Bizim kimi özlərini inandırmırlar ki, bizdə alınan deyil. İnanırlar ki, proqramı dəyişsələr, düzələcək. Bəlkə də uğursuzluqla uğur arasında 2-3 variantı yoxlayırlar. Biz bunu görmürük. Biz nə edirik, 30 ildə nəyisə dəyişmişik? Norveç misalı çəkə bilərəm. Bir dövrdə çox yaxşı idilər. Con Karyu, Ule Qunnar Sulşer kimi futbolçuları var idi. Yığma komanda dünya çempionatında yaxşı nəticələr göstərdi, klubları daim Çempionlar Liqasında oynayırdı. Bir müddətdən sonra elə vəziyyət yarandı ki, "Qarabağ" onların "Rusenborq" kimi klublarını mübarizədən kənarlaşdırdı. Həmin vaxtlarda Norveç futbolunda düşüş yaşanırdı. Bundan sonra belə nəticəyə gəldilər ki, indiyə kimi yalnız fiziki cəhətdən güclü futbolçular yetişdirmişik. Həmin zamanda Avropada belə oyunçulara ehtiyac var idi. Amma indi Avropada futbol dəyişib. Komandalar daha ağıllı, sürətli oynayır. Buna görə də norveçli futbolçu modeli rəqabətə davam gətirə bilmir. Bundan sonra onlar yeni model futbolçu yetişdirmək haqda qərar çıxardılar. Başladılar yüngül, cəld, ağıllı oyunçu tipi seçməyə və yetişdirməyə. Bu gün biz həmin futbolçuları Avropa meydanlarında, Norveç millisində görürük".
Səfiyarlı danimarkalıların son illərdə yeni futbolçu modeli yetişdirdiklərini bildirib:
"Kopenhagen"in 4-5 il ərzində belə uğur qazanması həm də həmin proqramın təsirindən ola bilər. Düzdür, əmin deyiləm. Onlar da düşünə bilər ki, bizim yetişdirdiyimiz oyunçular Azərbaycan təmsilçisi ilə mübarizə apara bilmir, deməli nəyisə dəyişməliyik. 4-5 il az müddət deyil. "Kopenhagen"in "Qalatasaray"la matçında 18 yaşlı futbolçu meydana daxil oldu. 5 il əvvəl onun 13 yaşı var idi. 13-14 yaşlı uşaqları götürüb yeni model futbolçu kimi yetişdirirlər. Bu, bizim ən çox üzərində dayanmalı olduğumuz səbəbdir. Artıq başa düşməliyik ki, bizdə öz-özünə yetişən uşaqlar rəqabətə davam gətirmirsə, nələrisə dəyişməliyik. İnanmalıyıq ki, bunları etsək, düzələcək. Nədənsə başlamalıyıq".
Elçin Əlixan
saytlarin hazirlanmasi