"Rəqiblərə hörmət edirik, ancaq biz də bura uğurlu nəticə qazanmaq üçün gəlmişik".
Sportal.az xəbər verir ki, bunu Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığmasının üzvü Pünhan Qasımzadə Avropa çempionatının əsas mərhələsində Bosniya və Herseqovinaya qarşı keçirəcəkləri matçdan əvvəl Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib. Futzalçı şansları dəyərləndirib:
"İlk rəqibimiz Bosniya və Herseqovinadan olan həmyaşıdlarımızdır. Bilirik ki, bizi gərgin qarşılaşma gözləyir. İlkin mərhələdəki rəqiblərimizlə bu komandaları müqayisə etmək olmaz. Ona görə daha məsuliyyətli və ciddi olmalı, mümkün qədər az səhv etməliyik. Təbii ki, rəqiblərə hörmət edirik, ancaq biz də bura uğurlu nəticə qazanmaq üçün gəlmişik".
O, komandanın hazırlığı barədə də danışıb: "Bu turnirin hazırlığına martın 16-dan başlamışıq. Bakıda 8 günlük təlim-məşq toplanışı keçirdik. Baş məşqçimiz bu müddətdə əsasən fiziki məşqlər və taktiki çalışmalar üzərində işləməyi tapşırdı. Faydalı bir hazırlıq prosesi oldu. Ən əsası, zədələnən olmadı. Hazırlıq zamanı iki oyun keçirdik. Onlardan biri yoxlama, digəri Yüksək Liqanın qarşılaşması idi. Xüsusilə də, lider “Baku Fire”lə görüşümüz daha maraqlı keçdi. Ardıcıl iki oyun keçirməyimizdə məqsəd bu turnirdəki sıx oyun qrafikinə uyğunlaşmaq və güclü rəqiblərə qarşı hazır olmaq idi. Yanvarda Avropa çempionatının ilkin mərhələsində iştirak edən heyətlə müqayisədə iki dəyişiklik var".
Qasımzadə yorğunluğa baxmayaraq, yaxşı əhval-ruhiyyədə olduqlarını bildirib: "Bu gün uzun yol yorğunluğuna baxmayaraq, oyunöncəsi son məşqimizə çıxdıq. Bu dəfə sırf taktiki gedişlər və standart vəziyyətlərin icrası üzərində işlədik. Yorğun olsaq da, əhval-ruhiyyəmiz yaxşıdır".
Bu gün Xorvatiyanın Omiş şəhərindəki Ribnyak İdman Arenasında keçiriləcək Bosniya və Herseqovina - Azərbaycan görüşünə Bakı vaxtı ilə 19:00-da start veriləcək.
saytlarin hazirlanmasi