"Zirə"nin kapitanı Qismət Əliyev Sportal.az saytına açıqlama verib.
Qəsəbə təmsilçisinin aparıcı futbolçusu mövsümün qalan hissəsində qarşıya qoyulan hədəflərdən danışıb. O, həmçinin bu mövsüm avrokuboklardakı çıxışlarını xatırlayıb:
"Ən yaxşı variant Avropa Liqasına düşməkdir. Üçüncü pillədəki rəqibimizdən 10 xallıq üstünlüyümüz var. Avropa Liqası şansımız varsa, niyə də istifadə etməyək? Keçən il Avropa Liqasında qalmaq alınmadı, yolumuza Konfrans Liqasında davam etdik. İkinci yerdəki yerimizi bərkitmək şansımız varsa, sonuna qədər mübarizə aparacağıq. Hər halda, Avropa Liqasına yollanmaq üçün təkcə ikinci yeri tutmaq bəs deyil. Həm də "Qarabağ” ölkə kubokunu qazanmalıdır.
Bu mövsüm Konfrans Liqasında pley-off mərhələsinə qədər irəliləmişdik. Ən azından bunu təkrar etmək istəyəcəyik. Hər halda, püşkatmadan, rəqiblərdən də asılıdır. Bacardığımız qədər pley-off mərhələsinə qədər getməyi düşünürük. Ora qədər vaxt var, indi fikrimizi mövsümün qalan hissəsinə fokuslanmışıq".