"Bərabərlik bizim üçün yaxşıdır" - ÇSKA-nın baş məşqçisi

22:19 - 23 İyul 2026

UEFA Avropa Liqasının II təsnifat mərhələsində səfərdə "Qarabağ"ın qonağı olan Bolqarıstan təmsilçisi ÇSKA 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında ÇSKA-nın baş məşqçisi Hristo Yanev oyun haqda fikirlərini bölüşüb:

- Nəticəyə görə təbriklər. Cavab görüşündən nə gözləyirsiz?

- Bizim üçün bu oyun çox vacib idi. Futbolçular özlərini çox yaxşı gördülər. Revanş matçında da belə davam edəcəklər. Bütün futbolçular çox motivasiyalı idilər. Onların ailələri də oyuna baxır, izləyir.

- "Qarabağ" "Slaviya"dan daha güclü rəqibdir. Niyə bu gün zəif çıxış etdiniz?

- Hər komandaya hörmətlə yanaşırıq. Hər dəfə planlaşdırdığımız kimi olmur. Sadəcə qarşımızda məqsəd var. Qarşıdakı matçı da udmaq istəyirik ki, mərhələ adlayaq.

- Bolqar jurnalistlər siz zala daxil olarkən, sizi alqışladılar, heç-heçəyə görə sizi təbrik edirlər. "Qarabağ"la səfərdə heç-heçə sizin üçün bu qədər böyük nəticədir?

- "Qarabağ" çox güclü klubdur. Hər kəs bunu bilir. Biz də bunu başa düşürük. "Qarabağ"ın futbolçuları çox güclüdür. Buna görə də düşünürdülər ki, vəziyyət başqa cür də ola bilər. Bərabərlik bizim üçün yaxşıdır.

- Fasilədə futbolçularınıza nə dediniz?

- "Qarabağ"ın oyunçuları çox güclü oynayırdılar. Fasilədə futbolçularıma dedim ki, ehtiyatlı oynasınlar. Danışdıq ki, elə oynayaq, qol buraxmayaq. Bunların hamısını nəzərə alaraq, hücum da etdik. Amma daha çox qol buraxmamağa çalışırdıq.

- UEFA-nın cəzasına görə, Bakıdakı matçda azarkeşləriniz olmadı. Sofiyadakı görüşdə isə fanatlarınız öz yerini alacaq. Bu məqam emosional olaraq, sizə nə dərəcədə kömək edəcək?

- Azarkeşlərimiz bizə həmişə dəstəkdir. Bakıda olmasalar belə..Cavab matçında azarkeşlərin dəstəyi olacaq. Onlar bizi irəli səsləyəcək.

- Cavab görüşü haqda fikriniz necədir? O oyuna necə hazırlaşacaqsız?

- Sxemdə dəyişiklklər olacaq, öz səhvlərimizi bilirik. Həmin mövqelərdə düzəlişlər ediləcək. Stadion tam dolu olacaq. Revanş oyununa çox ümidliyik. Qalib olacağımıza çox inanırıq.

Mirbağırağa

Xəbər xətti