"Sabah"dan mükəmməl transfer əməliyyatı - 150 min avroya aldılar, bir neçə ay sonra 3 milyona satdılar

12:48 - 30 İyul 2026

Azərbaycan futbolunda böyük satışların demək olar hamısı "Qarabağ"ın adıyla bağlıdır. Lakin ötən il "Zirə"də Sumanı 1,3 milyon avroya İsveç klubuna satmağı bacarmışdı. Artıq "Sabah" da böyük satış eləyən klublarımız siyahısındadır. Özü də necə...

Ölkə çempionu olmaqla hamının diqqətini üzərinə çəkən "Sabah" mükəmməl transfer əməliyyatı gerçəkləşdirib. Maludanın keçidində ilk növbədə klubun Skaut Departamentinin işi vurğulanmalıdır. "Sabah"ın prezidenti Maqsud Adıgözəlov da açıqlamalarında deyib ki, bu futbolçunun transferində klub skautlarının rəyi çox önəm daşıyıb. Aaronun oyunlarından görüntülər az olduğu üçün onunla bağlı rəy vermək asan deyilmiş. 

Bu transferdə "Sabah" rəhbərliyinin uzaqgörənliyi də qeyd olunmalıdır. "Lill"dən icarəyə götürülən futbolçunun müqaviləsində yer alan 150 min avroluq sərbəstqalma bəndi işə yaradı. Azərbaycan Premyer Liqasında parlayan Maluda dəyərə minsə də, "Sabah" onu sadə desək, "heç neçəyə" ala bildi. 

Faktiki "Sabah" 150 min avroya transfer etdiyi futbolçunu bir neçə aydan sonra 3 milyona "Bazel"ə satdı. Sadəcə möhtəşəm!!! Fransalı futbolçunun "Bazel"ə hansı məbləğə transfer olunduğu rəsmi açıqlanmasa da, xarici mətbuat bu keçidin 3 milyona başa gəlməsinə dair məlumatlar dərc edib. Məntiqlə də yanaşsaq, "Sabah" 20 yaşlı perspektivli gənci aşağı pula çətin ki buraxardı. 

Sportal.az

Xəbər xətti