Cəbrayıl Cəbrayılov: "Dünənki iclasda Madrid "Real"ı ilə "Mançester Yunayted"i müqayisə etdilər"

19:23 - 1 Aprel 2015

"SOCAR "Neftçi"nin arxasından çəkilmir"

 

"Mən SOCAR-ın nümayəndəsi kimi Müşahidə Şurasına üzv seçilmişəm. Dünənki iclasda Rövnəq Abdullayev də qeyd etdi ki, "Neftçi" bundan sonra ictimailəşir. Ancaq SOCAR, yəni Dövlət Neft Şirkəti "Neftçi"nin arxasından çəkilmir, onun sponsoru olacaq. "Neftçi"ni ilkin dövrdə yenə SOCAR maliyyələşdirəcək".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin Müşahidə Şurasının üzvü Cəbrayıl Cəbrayılov Premyer Liqanın XXVII turu çərçivəsində bu gün keçirilmiş "Neftçi" - "Bakı" matçının fasiləsində jurnalistlərin suallarını cavablandıraraq yeni yaradılan Şuradakı mövqeyindən danışıb:

 

"SOCAR-ın maliyyəsinin daha məqsədəuyğun, vəsaitin klubun bilavasitə inkişafına xərclənməsi nöqteyi-nəzərindən Müşahidə Şurasında mənim də olmağım lazım bilinib. Biz bunu futbola marağın artması məqsədilə edirik, yəni sınaq kimi keçiririk. Futbol dünyanın hər yerində ictimailəşib. Dünya praktikasında da görürük ki, bir və ya bir neçə şəxsə məxsus olan futbol klubları heç də rentabellik göstəricisi ilə işləmirlər. Dünənki iclasda Madrid "Real"ı ilə "Mançester Yunayted"i müqayisə etdilər. "Mançester Yunayted" xalq komandasıdı və iqtisadi fəaliyyəti həmişə səmərəli olub. "Real" isə "kral klubu" olsa da, onun maliyyə vəziyyəti heç də həmişə yaxşı olmur. Bu nöqteyi-nəzərdən ictimailəşmə həm futbolumuzun inkişafında hər bir futbol adamının iştirakının təmin olunması, həm də futbolun idarə edilməsində ictimaiyyətin daha çox iştirak etməsi məqsədini güdür".

Xəbər xətti