Nizami Hacıyev: "Problem yalnız klub rəhbərliyindədir" MÜSAHİBƏ

00:09 - 2 Noyabr 2015

"Hər şey deyilənlərin üzərində qurulsaydı, dünya belə olmazdı"
 
"İnter"in futbolçusu Nizami Hacıyevin "Zirə" ilə oyundan sonra Sportal.az-a müsahibəsi:
 
- "Zirə" ilə 0:0 hesablı heç-heçəyə razılaşdınız...
- "Zirə" yaxşı komandadı. Bu komanda hər bir liderə öz gücünü göstərməyi bacarır. Qarşılaşmadan öncə rəqibi yaxşı təhlil etmişdik. Əvvəlcədən də bilirdik ki, çətin görüş olacaq, elə də oldu. Ancaq birinci hissədə Denis Silvanın zərbəsindən sonra bəlkə də 11 metrlik cərimə zərbəsi vermək olardı.
 
- Qələbə üçün nə çatmadı?
- Hücumda top saxlamaq, riskli oynamaq lazımdı. bu barədə fikirləşməliyik, məqşlərdə bu çatışmazlıqların üzərində işləyib aradan qaldırmalıyıq. Müdafiədə diqqətli oynamağı bacarırıq, qol da buraxmadığımız buna sübutdur. Təəssüf ki, Rauf Əliyev hazırda komandamıza kömək edə bilmir, məliyyatdan yeni çıxıb, onsuz da çətin olur.
 
- Son 5 oyunda cəmi 1 qələbə qazanmısınız. Meydandankənar amillər təsirini göstərir?
- Tək sərgilədiyimiz futbol deyil, oyundankənar amillər də öz sözünü deyir. Amma biz peşəkar futbolçularıq, əgər meydana çıxırıqsa, bu problemləri kənara qoyub öz vəzifəmizi yerinə yetirməliyik.
 
- Komandada maliyyə durumu nə yerdədir?
- "Zirə" ilə oyundan öncə necə idisə, indi də elədir. Deyilənlərə görə AFFA-dan bizə Avrokuboklara görə vəsait köçməlidi və həmin pul bizə çatmalıdı. Hələ ki, heç nə yoxdu. Hər şey deyilənlərin üzərində qurulsaydı, dünya belə olmazdı. Artıq heç kimə inanmıram. Pul əlimizə dəyməyincə, heç nəyə inanmıram. İnam zad boş şeylərdi.
 
- Belə aqressiv açıqlamaların sənə problemlər yaratmır?
- Yox, nə problem yaradacaq? Problem yalnız klub rəhbərliyindədir, onlar bizə nətər baxacaq, biz də elə oynayacağıq.
 
- Növbəti turda səfərdə "Qəbələ" ilə qarşılaşacaqsınız...
- Bizim üçün çətin olacaq, rəqibin həm yerli, həm də legioner yaxşı futbolçuları var. Bugünki gündə "Qəbələ" ən güclü komandalardandır.
 
- Klubun sizə nəqədər borcu qalıb axı?
- Ötən mövsümdən 4 aylıq borcları qalıb. Bonuslarımız da qalıb. Bu ildən quru maaşa oynayırıq. Demişdilər ki, hər növbəti ayın 10-dək məvacibləri verəcəklər. Amma ay qurtarıb, hələ maaş yoxdur.
 
- Maaşlar verilməsə, növbəti tur “Qəbələ”ylə oyuna çıxmaya bilərsiniz?
- Hər şey ola bilər. Pul verilməsə, meydançaya çıxmaya da bilərik. Çünki “səbr kasa”mız tükənmək üzrədir. Klub rəhbərliyi “İnter”ə baxmaq fikrində deyilsə, açıq desin, biz də gedək başımıza çarə qılaq.
 
- Bəs rəhbərlik sizə nə deyir ?
- Rəhbərlik deyəndə ki, biz baş məşqçiylə danışırıq. Georgi Nikolovun özü nəyisə həll edən bir insan olduğuna inanmıram. Klubun rəisinin kim, prezidentinin kim olduğunu bilmirik. Müraciət etməyə adam tanımırıq.
 
- “Qəbələ”ylə oyuna çıxmamaq məsələsi şəxsi fikrindi, yoxsa komanda yoldaşlarının da?
- Yox, bu, tək mənim fikrim deyil. Komanda adından deyirəm.  Əgər növbəti turadək dəyişiklik olmasa, klub üçün çox çətin olacaq.

Xəbər xətti