"Amma biz də müdafiədə oturmaq niyyətində deyildik"
"Bəlkə də, mövsümün əvvəlində bizim uğur qazanacağımıza çoxları inanmırdı. Şükürlər olsun, hər oyundan oyuna bizə olan inamı daha da artırdıq. "Qəbələ" ilə üzərində qələbə kimlərsə üçün gözlənilməz oldu, amma biz 3 xal qazanacağımıza inanırdıq. Asan olmasa da, buna nail olduq.Rəqibin 60 dəqiqə ərzində hücum futbolu oynayacağını bilirdik, amma biz də müdafiədə oturmaq niyyətində deyildik".
Bu sözləri Sportal.az-a açıqlamasında "Qəbələ" ilə oyundan sonra "Kəpəz"in aparıcı futbolçularından sayılan Şəhriyar Əliyev bildirib. O, "Qəbələ" ilə oyunun məlum səbəblərə görə iki gün ərzində keçirilməsinə də münasibət bildirib:
"Həm biz, həm də "Qəbələ" 3 gün qabaq oyun keçirmişdik, yorğunluq hiss olunurdu. Qaldı ki iki gündə keçirilməsinə, ilk gündə baş tutan 30 dəqiqə üstünlük biz tərəfdəydi, lakin dünən baş tutan qalan müddətdə bizim üçün çox çətin oldu. Əsas odur ki, sonda sevinən tərəf biz olduq".
Əliyev bu mövsüm ardıcıl 5 oyunluq uğurlu seriya və komandasının avrokuboklara vəsiqə şansından da danışıb:
"5 oyundur, məğlub olmuruq. Hər oyundan oyuna bizdə inam artır, komandada futbolçular bir-birini daha yaxşı başa düşür. Bu uğurlu seriyanın tək səbəbi mehriban kollektivimizin olmasıdır. İlk gündən qarşımıza avrokuboklara vəsiqə qazanmağı qoymuşuq. Bilirik ki, çətin olacaq. Amma buna inanırıq, çalışırıq ki, hər oyunda əlimizdən gələni edib maksimum nəticə qazanaq".
saytlarin hazirlanmasi