Rövnəq müəllim, eşidirsiz, Mali finaldadır YAZI

13:47 - 8 Noyabr 2015

Bir qarnı ac, bir qarnı tox uşaqlardı onlar

 

Yarım il bundan qabaq AFFA-nın baş katibi Elxan Məmmədov ağızdolusu U-17 və U-19 millilərimizin elit mərhələyə çıxmasından danışırdı. Elə coşqulu, elə fərəhlə danışırdı... Elit mərhələdə bizimkiləri elə günə saldılar ki, Elxan müəllim o vaxtdan bəri U-17, U-19 millilərini dilə gətirmir.

 

Rövnəq Abdullayev də soruşanda ki, bəs, bu qədər pul xərcləyirik, nəticə niyə yoxdur, Elxan Məmmədov onu inandırmağa çalışır ki, futbol bizim qanımızda deyil, bacarmırıq. Orası düzdür ki, futbolda heç də hər şey pulla, parayla olmur, Rövnəq müəllim. Bir az da peşəkarlıq lazımdı. Əgər, bizim uşaqların qanında futbol yoxdursa, 7-8 ildi bu qədər pulu Lippertlərin, Pilzerlərin, Adamların, yeni-yeni idman direktorlarının cibinə niyə basırdız? U-21, U-19, U-17 pis gündədirsə, Bernard Lippert hələ də niyə oturur o qoltuqda? Bilmirsinizsə, mən deyim, Rövnəq müəllim. Həmin Lippertin havadarı Elxan Məmmədovdur. Və baş katib ömrünün sonuna kimi onu burada sizin pulunuzla dolandıracaq. Özünə hörmət eləyən mütəxəssis bu qədər uğursuzluğun qarşısında çoxdan gedərdi o vəzifədən, özünə hörmət eləyən idarəçi isə həmin mütəxəssisi çoxdan istefaya göndərərdi. Ancaq biz Lippertdən nə gözləyək, Elxan Məmmədovdan nə. Axı, niyə bura gələn almanlar həmyerlilərinə heç bənzəmirlər? Cavabı sadədi. Belələrinin milliyəti olmur...

 

Bizimkilərin uğursuzluqlarını əbəs yerə xatrlamadım. Malinin U-17 millisinin dünya çempionatının finalına çıxdığını eşidincə, yenə AFFA-nı yad eləmək qərarına gəldim. Bəli, dünyada ən yoxsul ölkələrdən sayılan Malinin 17 yaşlı uşaqlarıdı bunlar. Bir qarnı ac, bir qarnı tox uşaqlardı onlar... Rövnəq müəllim, eşidirsiz, Mali finaldadır, bir də gördünüz lap çempion oldu.

 

AFFA-dakıların nə vecinə? Soruşsan, deyəcəklər ki, bizim uşaqlar futbol oynamağı bacarmırlar, bir az da üstlərinə getsən deyəcəklər ki, bizimkilərin çoxu fiziki qüsurludur.

 

Biz hələ Maliyə də, Özbəkistana da, digərlərinə də həsədlə çox baxacağıq. Bütün bunların bir nömrəli günahkarı Rövnəq Abdullayevdi. AFFA-nı dövr eləyib Elxan Məmmədova, özü də durub kənarda. Elə bil, bu futbolun bu adama heç bir aidiyyəti yoxdur. Son bir neçə hesabat konfransında Rövnəq Abdullayevə AFFA-dakı reallıqları çatdırmaq istədim. Ancaq anladım ki, onun üçün futbol ən əhəmiyyətsiz mövzudur. Sual verirsən, adam can dərdi cavab verir. İrad deyirsən, az qala səni yalançı çıxarır. Nə deyəsən axı?

 

Futbolumuzdakı biabırçı durumun ən böyük payı futbol adamlarındadır. Heç kim heç nə danışmır, susublar. Anlamadığım o ki, niyə çoxları elə hesab edir ki, AFFA-ya qarşı çıxmaq olmaz. Anlayın, siz dövlətə yox, futbola müxalifsiz. Bir ölkənin təhlükəsizliyinə cavabdeh olan nazir yanlış adam olubsa, futbolda yanlış adamların olmasında nə qeyri-adilik var?

 

Bu AFFA-nı başdan-ayağa “təmizləməsələr” futbolumuzda yaxşı heç nə baş verməyəcək. Ancaq yaxın vaxtlarda bunun baş verəcəyinə heç bir ümid, heç bir əlamət yoxdur...

 

Emin ABBASOV

Xəbər xətti