"İndi Bəhmən Həsənov deyir ki, komandada futbolçuların gücü çatmır, bəs bizi bunu demirdik?" MÜSAHİBƏ

12:24 - 11 Noyabr 2015

"Əgər dediklərini eləmirlərsə, əlbəttə qeyri-peşəkardır"
 
"Rəvan"ın sabiq məşqçisi Rövşən Babayevin Sportal.az-a müsahibəsi:
 
- Emin Quliyev və Rövşən Babayevi tandemi "Rəvan"da niyə nəticə vermədi?
- Tandem deyəndə, biz cəmi iki ay bir yerdə işlədik. Bacardığımız qədər, çalışdıq ki, nəsə edək. Neçə futbolçu kənarda qalmışdı, neçə gənc futbolçu tanınmırdı. Amma "Rəvan"da özünü göstərdi. Bizdə ona görə alınmadı ki, vaxt verilmədi. Əvvəlcə başqa danışıqlar oldu, sonradan başqa. Statistikaya baxanda, komandamız heç də fiziki cəhətdən zəif deyildi.
 
- Bildirdiniz ki, sizə vaxt verilməyib. Kluba gələndə sizə nə vaxta kimi komandaya rəhbərlik edəcəyiniz barədə konkret vaxt deyilmişdi?
- Həm Emin Quliyevlə, həm də mənlə təkbətək söhbətdə deyilmişdi ki, biz sizə imkan veririk ki, 1 il komandanı düzəldin və işləyin. Qışa qədər bu heyətlə oynayın, qışda isə sizi legioner futbolçularla təmin edəcəyik. Klub rəhbərliyi də komandanın gücünü bilirdi. İndi Bəhmən Həsənov deyir ki, komandada futbolçuların gücü çatmır, bəs bizi bunu demirdik? Biz qapalı futbol yox, açqı gözəl futbola üstünlük verirdik. Bizim uğursuzluğumuzun əsas səbəbi bizə inamın olmamasıdır. Həmişə bizə inandıqları yerdə nəticə göstərmişəm.
 
- Sizə elə gəlmir ki, "Rəvan" rəhbərliyi qeyri-peşəkardır?
- Bizə söz vermişdilər ki, qışa qədər sizə heç nə deyilməyəcək. Əgər dediklərini eləmirlərsə, əlbəttə qeyri-peşəkardır.
 
- Bəlkə Rövşən Babayev və Emin Quliyevin orda işləməsini klub daxilində istəməyənlər var idi?
- Bir söz deyim, əlimizdə istədiyimiz futbolçu yoxdursa, necə nəticə vermək olar. Heyətdə olan futbolçular da sağolsunlar, əllərindən gələni edirdilər.  Bizim üçün ən böyük problem futbolçu transfer edə bilməməyimiz oldu. Əlimizdə olan iki legioneri də göndərdilər. Mövsümün ortasında məşqçi çıxarmaq olar, bizim günahımız nəydi?
 
- Klubda maaşlar gecikirdi, bunu da uğursuzluğun səbəbi kimi göstərmək olar?
- Biz "Xəzər Lənkəran"a, yoxsa "Qarabağ"la kimi komandaya qarşı pis oynamışıq? Biz klub rəhbərliyinə deyirdik ki, heç olmasa motivasiya üçün komandanın üzvlərinə 50-100 manata qədər pul paylayayaq, yox deyirdilər. Bəs indi nətər oldu, "Qarabağ"a məğlubiyyətə görə komandaya pul paylayır. Bizim oyundan qabaq heç olmasa, maaşları verərdilər. Bu, qeyri-peşəkarlıqdır. 
 
- Şahin Diniyevin "Rəvan"da çalışdığı müddətdə də eyni aqibəti yaşamışdı, yəni klub rəhbərliyi dediyi sözün üstündə durmamışdı. Ora gedəndə bu hadisəni xatırlamışdınız?
- Mən "Rəvan"a görə, nə "Zirə"yə, nə də "Neftçi"yə getmədim. Bizə iki ay yarım vaxt verildi, buna da nə etmək olar? Əgər bizi göndərəsəydin, niyə 1 illik müqavilə imzalayırdı. Biz nəticə qazana bilməsək də, komandaya yaxşı oyun oynatdırırdıq. Bu klub haqda pis fikirlər olub. Biz fikirləşdik ki, birinci cavanlarla oynamağa qərardıq. Sonra eşitdik ki, komandaya Cəmşid Məhərrəmov gəlib, sonra eşitdik Novruz Məmmədov gəlib, yəni köhnə futbolçuları komandaya gətirdilər. Emin Quliyev 2-3 oyundan sonra klub rəhbərliyinə demişdi ki, bu futbolçular bizə kömək edəcək gücdə deyillər.Hər şeyi özünüz gördünüz, dekabrın sonunda örəcəyik, yeni baş məşqçi ilə nələr edəcək.
 
- Nə vaxtsa, yenidən "Rəvan"da işləyərsiniz?
- Orda ancaq, oranı sevən məşqçilər işləyir.

Xəbər xətti