Kamal Quliyev: "Oyunu belə idarə etməyi Elvin Əsgərova yaraşdırmazdım"

13:50 - 13 Noyabr 2015

"Hər bir komanda "Neftçala"ya qarşı son matçı kimi çıxır"

 

Ötən gün Azərbaycan I Divizionunun IX turunda doğma meydanda "Şəmkir"i qəbul edən "Neftçala" 1:0 hesablı qələbə qazanıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra saytımıza açıqlama verən "Neftçala"nın baş məşqçisi Kamal Quliyev bunları qeyd edib:

 

"Çətin oyun keçdi. Bundan öncə "Qaradağ Lökbatan"a məğlub olmağımız futbolçularda müəyyən psixoloji problemlər yaratsa da, onları bu matçda tam hazır vəziyyətə gətirə bildik. Gözəl oyun sərgiləməsək də, bu matçda bizə vacib olan 3 xalı əldə edə bildik. Rəqimizin turnir cədvəlində 2-ci pillədə getməsi bu matçın çətin keçəcəyindən xəbər verirdi. Lakin, sevinirik ki bunun öhdəsindən gələ bildik. Hər bir komanda "Neftçala"ya qarşı son matçı kimi çıxır. Təbii ki, bu da bizim üçün sevindirici haldır ki, biz artıq I Divizionda istədiyimiz səviyyəyə gəlib çatmışıq. II dövrədə tamam başqa bir "Neftçala" görəcəksiniz. Çünki, bizim komandadakı çatışmazlıqları aradan qaldırmaq üçün üçün vaxtımız da olacaq".

 

Daha sonra oyunun baş hakimi Elvin Əsgərovun da qərarlarına münasibt bildirən Quliyev təəccübünü gizlətməyib:

 

"Təbii ki, hakimin səhvləri oyuna öz təsirini göstərirdi. Hakimin bizim futbolçunu ikinci sarı vərəqə ilə oyundan çıxartmasını heç cür anlamaq olmur. Həmin epizodda Ramazan meydanda olan ikinci topu kənarlaşdırmaq istəyirdi. Bu cür sarı vərəqə mən ilk dəfədir ki görürəm. Daha sonra hakimin bizim futbolçuya açıq-aşkar kobudluğa göz yummağı futbolçularda da aqressiyanı artırdı. Bu da oyunun gedişatına öz təsirini göstərdi. Təbii ki, Premyer Liqaya da təyinat alan Elvin Əsgərova bu cür oyun idarə eləməyi yaraşdırmazdım. Lakin, onu da qeyd edim ki, futbolçularda və ya məşqçilərdə səhvlər olduğu kimi, hakimlərdə də bu cür səhvlər olur".

Xəbər xətti