Bu, nəyi dəyişir ki, Xaqani Məmmədov?
Oturub bir filmə baxırsan. Boy-buxunlu, zırpı birinin filmdə oynadığı rolu görüncə düşünürsən ki, heyf bu oğlandan, həyatdakı rolunu düz seçməyib.
Xaqani Məmmədova görə də heyfslənirəm. Heyf, adamdan yaxşı aktyor çıxarmış, meylini hakimliyə salıb.
AFFA Hakimlər Komitəsinin sədrinin 14 il öncə keçirilmiş "Osiek" - "Dinaburq" matçında çıxdığı hoqqaları görmüsüz və oxumusuz deyə, təfərrüata varmayacam. Məmmədov bu vaxta qədər ünvanına yönələn ittihamlara necə cavab vermişdisə, elə münasibət bildirib rüşvətə yönəlik hərəkətinə. Deyib ki, məni ləkələyirlər, gözləri götürmür, həmin video montajdı və sair və ilaxır. Baxmayaraq ki, "montaj" ifadəsinə Xaqani Məmmədovun həyat və yaradıcılığı daha çox uyğun gəlir, nəinki həmin oyunun videosu.
Videonun ortaya çıxmasında adı hallanan Anar Salmanovu və ya kimisə müdafiə etmək kimi fikrim yoxdu. İllərdi futbolun içindəyik, kimin hansı yuvanın quşu olduğunu, kimin nə hoqqalardan çıxdığını bilirik.
Məsələn, uzun illər əvvəl həmin bu Xaqani Məmmədov "Şəfa" - "Xəzər Universiteti" matçında olmayan penaltini verib, çempionatın dağılmasına səbəbkar olmamışdımı?
Ya da Məmmədovun baş hakimi olduğu "Turan"la Tovuzdakı oyundan sonra "İnter"in gəldiyi qatarın kupesində "bankirlər"in ovaxtkı baş məşqçisi Anatoli Konkovla badə-badəyə vurması dillər əzbəri deyilmi?
Fahişənin bir kişiylə yatması ilə beş kişiylə yatması arasında nə fərq var ki? Adı üstündə - fahişədi. Məsəli sizdən uzaq...
Deməyim o ki, lap siz deyəndi, Anar Salmanov hakimlikdən qovulmasını həzm edə bilmir, qisas hissiylə alışıb yanır, gecələr yatanda da yuxuda sizi görür, evinin bir küncündə divara sizin şəklinizi vurub, hər gün o şəkilə yumruq atır - yəni bu video söhbəti yalandı, montajdı deyək. Bu, nəyi dəyişir ki, Xaqani Məmmədov? Sizin təmiz, vicdanlı hakim olduğunuzu isbatlayırmı? Bəs o vaxt "Xəzər Universiteti"nin qapısına təyin etdiyiniz haqsız penalti? Bəs vaqonda Konkovla badə-badəyə vurmağınız? Bəs yazmağı sadəcə artıq hesab edərək yazmadığım başqa hoqqalarınız, vicdandan və təmizlikdən kilometrlərcə uzaq əməlləriniz?
Xaqani bəy, sizin "həyat və yaradıcılığınız" dövründə dəfələrlə etdiyinizi edirəm, vicdanımın səsini boğub sizin dediyinizi təkrarlayıram - Bəli, Anar Salmanovun ortaya çıxardığı video montajdı, sizə qarşı təxribatdı! Amma bu videosuz da sizin hakimlik karyeranızın vicdanlı, təmiz keçmədiyinə əminəm, əminik. Bunu siz özünüz də bilirsiz. Özünüzlə tək qalanda, həyatınızı, karyeranızı montaj edilmədən gözünüzün önünə gətirəndə...
Rəşad Ergün
komanda.az
saytlarin hazirlanmasi