Çingiz Abdullayevə həmin vəsiqənin tarixçəsini danışmayıblar?
Ölkənin ən köklü klubu olan “Neftçi”ni xeyli müddət idi ki, bu halda görməmişdik. Son illər çempionluqları sıralayan, çempionluq uğrunda mübarizə aparan “Neftçi” cari mövsümü 6-cı pillədə (10 komandalı çempionatda) başa vurdu. Özü də son illərin ən zəif çempionatında.
“Neftçi” bu mövsümü bərbad keçirdi, “Qarabağ”ın 35 xal gerisində bitirdi çempionatı. Bu nəticə ilə Avropa Liqasına yollanmalı deyildilər, buna haqq etmədilər biabırçı çıxışla. Lakin müxtəlif səbəblərdən Avoliqaya buraxılmayan “Zirə” və “İnter”in əvəzinə bu hüquqa “Neftçi” yiyələndi.
Bu arada “Neftçi” Müşahidə Şurasının iclası keçirilib və şurada yer alan “futbol adamları” belə bir fikrə gəliblər ki, əsas komanda 2015/2016 mövsümündə qarşısına qoyduğu məqsədlərə çatıb:
Əsas komandanın qarşıya qoyulan məqsədlərə (UEFA Avropa Liqasına və ölkə kubokunun finalına vəsiqə qazanmaq) çatması üçün görülən işlər qənaətbəxş hesab edilib.
Bu da sizə ölkənin ən köklü klubunun məqsədləri... Bir halda ki, yalnız kubokun qalibi Avroliqaya vəsiqə qazanır (finalçı heç bir halda bu vəsiqəyə yiyələnə bilməz), finala çıxmaqda məqsəd nədir? Məqsəd yalnız kuboku qazanmaq ola bilərdi ki, onu da “Neftçi” bacarmadı. Hələ o başqa söhbətin mövzusudur ki, “Neftçi” kimi komanda finalda qələbə qazanmağı məqsəd kimi qoymamışdı futbolçularının qarşısına...
Avropa Liqasına vəsiqəyə gəlincə, burda deyərlər, utanmasan, oynamağa nə var ki? Yəqin futbolun əlifbasını belə bilməyən Çingiz Abdullayevə həmin vəsiqənin tarixçəsini danışmayıblar (bəlkə də danışıblar mövzunu tuta bilməyib). İndi də Çingiz bəy dost-tanışına ürəklə deyir ki, “Neftçi” mənim rəhbərliyim altında Avroliqaya vəsiqə qazanıb.
“Neftçi”nin idarəçiliyi Elnur Məmmədovun əlinə keçəndən sonra klubun nəticələri də, hədəfləri də günü-gündən kiçilməyə başlayıb. Hara qədər? Cavabı Rövnəq Abdullayevdədi.
Sportal.az
saytlarin hazirlanmasi