Millimizin qolkiperi: "Onunla rəqabət aparmaq mənim üçün çox xoş olacaq" MÜSAHİBƏ

16:00 - 1 İyun 2016

"Fərhad Vəliyevdən çox şeylər öyrənəcəm"
 
21 yaşlılardan ibarət milli komandamızın və "Sumqayıt"ın qapıçısı Tərlan Əhmədli Sportal.az saytına müsahibə verib.
 
- Hazırda millinin heyətində təlim-məşq toplanışındasan. Məşqlər necə gedir?
- Hər şey yaxşıdır. Məşqlər də qaydasındadır. Məşqçilərin verdiyi tapşırıqları yerinə yetiririk. Komandada yüksək-əhval ruhiyyə hökm sürür.
 
- Millimiz Sloveniyanın 21 yaşlıları ilə 2 dəfə yoxlama oyunu keçirdi. İlk oyunda darmadağın olsaq da, ikinci matçda qisas ala bildik...
- İlk oyunda mən oynamamışdım. Birinci oyunda ola bilər ki, istədiyimiz oyunu sərgiləyə bilmədik. İkinci oyunda isə rəqibi yaxşı analiz etmişdik.
 
- Qələbə qazanılan matçın ən yaxşılarından biri də elə məhz sən iidn. Öz oyununla bağlı nə söyləyərdin?
- Həmişə istəyirəm ki, yaxşı formada qalım. Çox yaxşı oyun oldu. İlk hissədə əldə etdiyimiz üstünlüyü sona qədər qoruyub saxladıq. Mən də yaxşı oyun nümayiş etdirməyə çalışdım. Çox sevinirəm ki, komandama kömək edə bildim. Şükürlər olsun ki, Sloveniya üzərində layiqli qələbə qazandıq.
 
- Tərlan, başqa klublardan təkliflər var yoxsa “Sumqayıt”da qalacaqsan?
- Hazırda bütün diqqətimi milliyə cəmləmişəm. Düzdür, təkliflər var. Ölkəmizə qayıdanda “Sumqayıt”la yeni müqavilə imzalayacam. Gələcək karyeramı fikirləşib, düzgün qərar qəbul edəcəm.
 
- Səlahət Ağayev “İnter” qayıtdı. Əvəzində təcrübəli Fərhad Vəliyev komandaya cəlb edildi...
- Səlahət Ağayevə uğurlar arzulayıram. Fərhad Vəliyev çox təcrübəli qolkiperdir. Onunla rəqabət aparmaq mənim üçün çox xoş olacaq. Sağlam rəqabətdən heç vaxt çəkinməmişəm. Rəqabət hər ikimizə faydalı olacaq. Mən Fərhad Vəliyevdən çox şeylər öyrənəcəm.
 
Mehman ƏŞRƏFOV

Xəbər xətti