Rövnəq Abdullayev Ramiz Mirzəyevdən təhvil aldığı əmanəti qoruya bilmir QEYD

13:29 - 8 İyun 2016

Gürcüstan qədər də yoxuq, Ermənistan səviyyəsinə enirik bu gedişlə...

 

Çox maraqlı mənzərədi. Futbolun inkişafına dair 10 illik dövlət proqramı yekunlaşan kimi ölkə futbolu uçuruma yuvarlanmağa başladı. Bilirsiniz bu nəyə bənzəyir? Bir ağac sulayırsız ki, 10 ildən sonra bar verəcək, bəhrəsini görəcəksiz. Ağac isə bar vermir, quruyur...

 

Bir tərəfdə Rövnəq Abdullayev – Ramin Musayev, digər tərəfdə isə Elşad Nəsirov – Elxan Məmmədov tandemi bu 10 ildə ölkə futbolunu ağlar günə qoydular. Hərçənd, bu 10 ildə futbola yatırılan 100 milyonlarla vəsaitin qarşılığı tənəzzül olmalı deyildi. Gör nə günlərə qalmışıq ki, Premyer Liqaya çıxarmağa 10 klub tapa bilmirik. Gürcüstan qədər də yoxuq, Ermənistan səviyyəsinə enirik bu gedişlə...

 

Rövnəq Abdullayevin sələfi Ramiz Mirzəyev də futboldan uzaq adam idi. Lakin onun Abdullayevdən fərqi ondaydı ki, mətbuatı küçümsəmirdi, mütəxəssislərin fikrini dinləyirdi. Və bu faktdır ki, Azərbaycan çempionatları tarixində ən maraqlı mübarizə (2004/2005 mövsümü) məhz Ramiz Mirzəyevin dövründə olub. Təəssüf ki, ondan sonra futbolumuzun öhdəliyini üzərinə götürən Rövnəq Abdullayev iflasa uğradı. İnkişaf etdirməsi bir yana, heç əldə olanı qoruyub saxlaya bilmədi. Ramiz Mirzəyev dünyasını dəyişəndə 14 komandalı çempionat qoyub getdi bizlər üçün. Rövnəq Abdullayev isə heç 10 komandalı çempionat təşkil edə bilmir.

 

Rövnəq Abdullayev mətbuatı (Elxan Məmmədovun dost-tanışını demirik) ciddi qəbul etməsə də biz bu məsələyə öz baxışımızı, bu vəziyyətdən çıxış yolunu necə gördüyümüzü yazmağı özümüzə borc bilirik. İndiki halda bizə ən uyğun konsepsiya Gürcüstanda futbolun inkişafına dair 5 illik proqrama uyğun bir layihə ola bilər. Çox maraqlı modeldi. Bizdə AFFA o layihəni dövlətin deyil, öz imkanları hesabına da həll edə bilər. Əsas məsələ bu layihəni dəqiq yerinə yetirməkdən ibarət olacaq. Hər halda, Rövnəq Abdullayev gürcülərin proqramını araşdırsın, nəzərdən keçirsin.

 

Sportal.az  

Xəbər xətti