"Bir çox klublarımızın maliyyə sıxıntıları var"
“Qarabağ” klubunun baş məşqçisi, eyni zamanda AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanovun Sportal.az saytına müsahibəsi.
AFFA-nın İcraiyyə Komitəsində növbəti mövsümdən Premyer Liqada 8 komandanın mübarizə aparması ilə bağlı müzakirələr olub. Belə qərar qəbul edilsə, bu, futbolumuz üçün geriləmə, ziyan olmayacaqmı?
Çempionatımızda komandaların sayı nə qədər az olsa, bir o qədər ziyanımıza işləyəcək bu amil. Ona görə də İK-nın son iclasında bu məsələ ətrafında xeyli müzakirə apardıq. Çoxluq 10 komandalı çempionatın tərəfdarıdır. Lakin bir çox klublarımızın maliyyə sıxıntıları var. O cümlədən lisenziyalaşdırmanın tələblərini yerinə yetirmirlər. Bəzilərində ümumiyyətlə klub strukturu peşəkar səviyyədə qurulmayıb. Ən pisi odur ki, bu klublar həmin çatışmazlıqları aradan qaldırmağa çalışmırlar, heç çalışmaq fikrində də deyillər. Ona görə də 1-ci diviziondan Premyer Liqaya 2 klub gəlsə, onların yalnız maliyyə problemləri deyil, həm də klub strukturu ilə bağlı çatışmazlıqları aradan qaldırılmalıdır.
Gürcüstanda futbolun inkişafına dair 5 illik dövlət proqramı təsdiqlənib ki, həmin proqram çərçivəsində dövlət klublara maliyyə yardımı (hər kluba illik təxminən 600 min manat, əlavə bonuslar da nəzərdə tutulub) göstərəcək. Rusiyaya baxsaq, Premyer Liqa klublarının çoxu dövlət administrasiyaları tərəfindən maliyyələşir. Bizdə uyğun bir model barədə müzakirələr aparılırmı?
Gürcüstanda qəbul edilən proqramın tam incəlikləri barədə araşdırma aparmamışam. Ancaq Rusiyada tətbiq olunan sistemlə bağlı dəqiq məlumatlarım var. Orada dövlət administrasiyaları klubları maliyyələşdirməklə yanaşı, həm də idarəçiliyi də öz üzərilərinə götürüblər. Bunun əsas səbəbi də odur ki, dövlət tərəfindən futbola ayrılan vəsait doğru istəqamətdə xərclənsin və məncə, düzgün yanaşmadır. Ötən il bizdə də oxşar məsələ gündəmə gəlmişdi. Hətta dövlət səviyyəsində belə bir proqram hazırlanmışdı. Bu məsələylə bağlı onu deyə bilərəm ki, bu gün də danışıqlar gedir, çempionatımızın səviyyəsini saxlamaq üçün müxtəlif variantlar üzərində iş gedir. Futbola dövlət səviyyəsində dəstək olmalıdır, mütləq tez bir zamanda çıxış yolu tapılmalıdır. Çünki müəyyən bir səviyyəyə gəlib çatmışıq. Bundan aşağı getsək, onu geri qaytarmaq asan olmayacaq.
Yəqin ki, Premyer Liqada klubların sayı ilə bağlı müzakirələrdə milli komandanın baş məşqçisi Robert Prosineçkinin də fikrini öyrənmək lazımdır. Çünki komandaların sayı azalsa, millinin baş məşqçisinin seçim imkanları da azalacaq...
Əlbəttə, bu məsələdə onun da fikri çox önəmlidir. Prosineçki həm millinin baş məşqçisidi, həm də bu sahədə böyük təcrübəsi var. Növbəti iclasa qədər, bir həftə ərzində onunla da görüş keçiriləcək bu məsələylə bağlı.
“Qarabağ” çox rahat şəkildə çempionluğu bayram elədi. Mövsümün gedişində də görünürdü ki, bu çempionatda “Qarabağ”la başabaş mübarizə aparacaq komanda yoxdur. Elə hesab edənlər var ki, çempionatımızdakı bu rəqabətsizlik avrokuboklarda “Qarabağ”ın ziyanına işləyəcək. Yəni, məntiqlə rəqabət yüksək olan çempionatların təmsilçiləri beynəlxalq oyunlarda daha yaxşı təsir bağışlamalıdırlar. Hərçənd, dünyanın ən güclü çempionatı olan İngiltərə Premyer Liqasının klubları avrokuboklarda İspaniya, İtaliya, Almaniya klubları ilə oyunlarda çox çətinlik çəkirlər. Və ya əksinə, bir vaxtlar “Bate” güclü olmayan Belarus çempionatında oynaya-oynaya bir neçə mövsüm ÇL-in qrup mərhələsinə düşməyi bacarmışdı. Siz necə düşünürsüz, çempionatın zəifləməsi avrokuboklarda “Qarabağ”ın əleyhinə işləyəcək, ya yox?
Əslində, bir çox çempionatlarda ilk üçlükdə gedən komandalarla aşağı pillələrdə yer alan komandalar arasında həm xal baxımından, həm də oyun səviyyəsi baxımından böyük fərq olur. Bu, bizdə də hiss olunur. Amma digər tərəfdən bizim çempionatın komandaları əvvəlki mövsümlərdə hər nə qədər güclü olsa da Avropada qarşılaşdığımız rəqiblər səviyyəsində deyildilər. Yəni, daxili çempionat və avrokubok oyunları tam fərqli turnirlərdi. Siz də dediyiniz kimi İngiltərə çempionatında elə gərgin mübarizə gedir, ancaq İngiltərə klubları avrokuboklarda elə də yaxşı nəticə göstərə bilmirlər. Hər halda, bu suala ən dəqiq cavabı həmin oyunlar zaman tapacağıq.
saytlarin hazirlanmasi