Fariz Nəcəfov: "10 komanda olub biabırçı meydançada oynamaqdansa, 8 komandanın olması daha məqsədəuyğundur" MÜSAHİBƏ

14:55 - 9 İyun 2016

"Ailə məsələlərinə görə komandadan ayrılmaq istədilər"
 
Bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, iclasdan sonra "Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb: 
 
- "Qəbələ”nin qarşıdakı günlər üçün planları necədir?
- Gürcüstan milli komandasının üzvü Nika Kvekveskirini transfer etmişik. Hazırda iki futbolçu ilə danışıq aparırıq. Həmin futbolçularla yekun nəticə əldə etmək ərəfəsindəyik. Yəqin ki, bu futbolçulardan biri yaxın günlərdə müqavilə üçün Bakıya gəlməlidi. Təlim-məşq toplanışının 1-ci mərhələsi Bakıda, 2-ci mərhələsi isə Gürcüstanda baş tutacaq. 2-ci toplanışda bir neçə yoxlama oyunu keçirməyi planlaşdırırıq.
 
- Transferlərlə bağlı son durum necədir? Bildiyimizə görə Aleksey Antonov və Sergey Zenyovu komandadan göndərmək istəyirsiniz...
- Hər iki futbolçu ilə 1 illik müqaviləmiz mövcuddur. Onlar özlərinə komanda axtarırlar. Tapmayacaqları halda, müəyyən razılıq əldə edəcəyik. Ola bilər ki, futbolçulardan biri komandaya qayıtsın. 
 
- Qriqorçukun köməkçiləri Azərbaycana gəlmək istəmir. Bu məsələ ilə bağlı fikrinizi bilmək istərdik.
- Onlar burda olduqları müddətdə bizə bu barədə məlumat vermişdilər. Ailə məsələlərinə görə komandadan ayrılmaq istədilər. Onların yerinə başqa məşqçilər axtarırıq.
 
- "Qəbələ”nin Gürcüstanı seçməsi söz-söhbətə səbəb olub. Təlim-məşq toplanışı üçün Gürcüstanı seçməyinizə səbəb nədir?
- Açıq deyim ki, bu məsələdə büdcəni də nəzərə almışıq. Həmçinin, viza məsələlərində problem yaşamamaq və vaxtın azlığını nəzərə alıb Gürcüstanı seçdik. 
 
- Qriqorçukun köməkçiləri əcnəbilər olacaq?
- Ola bilər ki, bir qapıçı məşqçi dəvət edək. Danışıqlar aparırıq. Əvəzedici komandamızın baş məşqçisi Ramin Quliyevi də köməkçi-məşqçi kimi götürə bilərik.
 
- Avrokuboklarda "Qəbələ”nin hədəfi nədir?
- Maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Danışıq apardığımız futbolçuların potensialı var. Ötən mövsüm əvəzedici komandadan 8 futbolçunu əsas komanda ya cəlb etmişdik. Həmin futbolçulardan bir neçəsi 1-ci təlim-məşq toplanışında iştirak edəcək. Akademiya yetirmələrimizin növbəti mövsüm əsas komdandada oynaması məşqçinin qarşısına şərt kimi qoyulub. 
 
- Ehtimal var ki, növbəti mövsüm çempionatda 8 komanda olsun. Bu məsələyə münasibətiniz necədir?
- İstəyərdim ki, 10-12 komanda olsun. Yenə də qərarı AFFA verəcək. Onu da deyim ki, 10 komanda olub biabırçı meydançada oynamaqdansa, 8 komandanın olması daha məqsədəuyğundur. Məni ən çox narahat edən Premyer Liqada olan komandaların şəraitidir.  Komanda səfər oyunlarına gedəndə çox biabırçı hallarla üzləşirik.

Xəbər xətti