"Futbolçuların çox olmasına ehtiyacımız var"
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az saytı həmin müsahibəni təqdim edir:
- Çempionatın 8 komanda ilə keçirilməsi futbolumuza necə təsir edəcək?
- Necə təsir edəcəyini deyə bilmərəm. Amma ilk gündən çempionatın 10 komanda ilə keçirlməsinin tərəfdarı olmuşam. Bu fikirlə çoxları razı idi. Bu bizdən asılı olan şeylər deyil. Lisenziyalaşdırmalarda problemlər çoxdur. Bu problemləri həll etmək olar. Amma maliyyə problemi varsa, o klubun lisenziyası olsa belə, 1-2 aydan sonra yenə problemlər olacaq.
- Bu qərar sizin komandanıza necə təsir edəcək?
- Nə qədər çox oyun keçirsəydik, bir o qədər yaxşı olardı. 10 komandaya öyrəşmişdik. İndi oyunların sayı azaldı. Bunun təsiri olacaq. Nə dərəcədə təsir edəcəyini isə zaman göstərəcək.
- Legioner rüsumu 5 min amnata endirildi. Bu haqda fikirləriniz?
- Bu qərar bir daha göstərir ki, klublarda maliyyə sıxıntıları var. Bu bizə də faydalı olacaq. Qanun hamı üçün qanundur.
- Bu qərardan sonra “Qarabağ” daha çox legioner gətirə bilər?
- Bu qərarın bizə heç bir təsiri olmayacaq. Biz hər zaman komandaya faydalı ola biləcək futbolçu gətirmək istəyirik. Əgər 100 min manata görə işimizi quracağıqsa, onda buna dəyməz. Çünki 5-6 legionerin rüsumunun fərqi 100 min manat fərq edəcək.
- Legioner rüsumunun azaldılması yerli futbolçularımıza necə təsir edəcək?
- Belə şeyləri müqayisə etmək istəməzdim. Bunu futbolçu üçün əhəmiyyəti olmamalıdır. Futbolçu peşəkardır və ondan tələb olunanları yerinə yetirir.
- “Qarabağ” hansı mövqelərə futbolçu axtarır?
- Bildirmişdim ki, hücumçu axtarışındayıq. Düzdü, əlimizdə var idi. Amma biz daha uyğun futbolçunu axtarırıq.
- Neçə ildi ki, hücumçu axtarışndasınız. Qurban Qurbanova necı hücumçu lazımdır?
- Hücumçunu hamı axtarır. Hücumçu az tapılır. Armenteros və Puponu gətirmişdik. Onların oyun keyfiyyəti yaxşı idi. Amma komanda oyunu elədir ki, daim oyun üslubuna uyğunlaşmağı bacarmalısan. Hansı futbolçu bu keyfiyyətlər varsa, onunla müqaviləni uzadırıq. Bizdən gedən futbolçulardan da faydalanmışıq. Pupon və Armenterosdan razı idim. Amma elə bir sistem formalaşdırmaq istəyirik ki, futbolçu həmişə nəticə versin.
- Cavid Tağıyevin adı bir çox klublarla hallanır. Onu növbəti mövsüm”Qarabağ”da görəcəyik?
- Cavid və digər futbolçular bizimlə təlim-məşq toplanışında olacaqlar. Futbolçuların çox olmasına ehtiyacımız var. Cavidin bizimlə müqaviləsi var.
- “Qarabağ”ın aşağı yaş qruplarında çıxan və komandada möhkəmlənməyi bacaran sonuncu futbolçu Qara Qarayevdir. Bu vəziyyət sizi narahat etmir?
- Əlbəttə narahat edir. Əfsuslar olsun ki, bunu tam dormalaşdıra bilməmişik. Aşağı yaş qrupunda perspektivli futbolçular var. 10-11 yaşlı futbolçuları nəzərdə tuturam. Bəzən futbolda 1 ildə 5-6 oyunçu üzə çıxır. “Neftçi”də Araz Abdullayevin vaxtında bir neçə futbolçu çıxdı. “Qarabağ”da da həmin vaxt Əfran, Maksim, Rauf yetişdi. Bu müddəti gözləmək lazımdır. Düşünürəm ki, bu səbəbdən bizdən futbolçu çıxmır. Bir daha vurğulayıram ki, aşağı yaş qruplarımızda perspektivli futolçular var.
- Çempionlar Liqasındakı potensial rəqiblərinizin siyahısına baxmısız?
- Siyahını təxmini bilirəm. Amma qismətimizdə nə olacaqsa, odu. Fikrimi bura ayırmıram. Amma əlbəttə ki, bu cür yarışlarda ilk matçın səfərdə olması hər komandaya daha faydalıdı.
- Qurban Qurbanov bu il avrokuboklarda öz qarşısına hansı hədəfi qoyub?
- Hansı turnirdə iştirak etməyimizdən asılı olmayaraq, daha yaxşı nəticə əldə edək. Amma bu, futboldur və bəzən düşünmədiyin nəticələr də olur. Öz təcrübəmizdən istifadə etməyə çalışmalıyıq. Belə turnirlərdə ən ağır oyun ilk matç olur. Həmin görüşə hazır olmalıyıq. Bir neçə futbolçumuz ötən mövsümü tez, bir neçəsi gec başa çatdırdı. Onları eyni səviyyəyə gətirmək bizə ağır olacaq. Bəzisinə az, bəzisinə çox istirahət verməli olursan. İlk oyuna bütün futbolçuların hazır vəziyyətdə çıxması çox vacibdir.
- Ansi Aqollinin yer aldığı Albaniya yığmasının AÇ-də qrupda qalıb, mübarizəni dayandırmasını arzulayırsızmı? Çünki “Qarabağ”a qoşulacağı tarix bundan asılı olacaq...
- Ansi çox yaxşı futbolçu və insandı. O, əsl peşəkardı. Mənim arzum onun üçün ən yaxşısıdı. “Qarabağ”ı qoyuram kənara, Aqolli ən yaxşı nəticələrə layiq olan futbolçudu.
saytlarin hazirlanmasi