Roman Qriqorçuk: "Bu barədə fikirləşmək lazım deyil" MÜSAHİBƏ

00:44 - 16 İyun 2016

"Onu bəyənib komandaya gətirmişəm"
 
"Bizim üçün bu oyunlar çox faydalıdı. Çünki bu oyunlarda komandamız haqqında yeni informasiyalar əldə edirik və analizlər aparırıq. Bakıdakı toplanış bir tərəfdən onun üçün əhəmiyyətlidi ki, təlim-məşq toplanışına yollanacaq gənc futbolçuların kimlər olacağı müəyyənləşir”.
 
Bu sözlər "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuka məxsusdur. 
 
Sportal.az saytına müsahibə verən ukraynalı mütəxəssis komandasının planları barədə danışıb: 
 
- Yeni transfer Filip Ozobiç necə təsir bağışlayır?
- Xorvatiyalı futbolçu ilə yanaşı, bütün futbolçular Bakıdakı yoxlama oyunlarında yaxşı mübarizə apardılar. Ozobiç baxdığım futbolçular içərisində ən yaxşı oyunçulardan biri idi ki, onu bəyənib komandaya gətirmişəm. 
 
- Artıq iki futbolçu ilə güclənmisiniz. Yeni transferlər olacaqmı?
- Bəli, biz bu yöndə işlərimizi davam etdiririk. Mövsüm başa çatdıqdan sonra bir neçə futbolçu sıralarımızı tərk edib. Yeni trasnferlər bizə lazımdı. Bu iş üçün vaxtımız çox azdır. 
 
- Dodo, Arif Daşdəmirov və Aleksey Qay kimi futbolçuların gedişi komandaya necə təsir göstərir?
- Artıq bu barədə fikirləşmək lazım deyil. Çünki olanlar geridə qaldı. Biz gələcəyi düşünməliyik. Futbolçuların gedişini qəbul etməli və bununla barışmalıyıq. 
 
- Hər-hansı futbolçunun gedişi sizin üçün gözlənilməz olmadı?
- Müxtəlif cür oldu. Hər bir ayrılığın özünəməxsus səbəbləri var. Biz bu səbəbləri qəbul etməli, bununla barışmalı və gələcək haqqında düşünməliyik. 
 
- Keçən il komandanı Avropa Liqasının qrup mərhələsinə daşıyan Cavid Hüseynov, Aleksey Qay və Dodo artıq ixtiyarınızda deyil. Adıçəkilən futbolçuların yerini doldurmaq çətin olmayacaq?
- Bir daha demək istəyirəm ki, bu futbolçuların gedişi artıq arxada qalıb. Əlbəttə, üzücü məqamdı. Amma biz bunu qəbul etmişik. Bizim işimiz, hazırda əlimizdə olan oyunçularımızla çalışmalı, onlarla bilikdə necə uğur əldə etməyi düşünməkdir. 
 
- Növbəti mövsüm Premyer Liqada 8 komanda mübarizə aparacaq. Bu məsələyə sizin münasibətiniz necədir?
- Bu, çempionatın zəif keçəcəyindən xəbər vermir. Həmin 8 komandanın hansı vəziyyətdə olması daha önəmlidir. Elə ola bilər ki, 8 komanda ilə ötən ilkindən daha güclü çempionat izləyə bilərik. 
 
- Köməkçilərinizlə bağlı müəyyən dəyişikliklər oldu. Yeni köməkçiniz haqqında nə deyə bilərsiniz?
- Yeni koməkçilərim təcrübəli mütəxəssislərdi. Onlarla işləmək çox yaxşıdı. Sadəcə, müəyyən vaxt keçməlidi ki, bizim mexanizmimiz işə düşsün. 
 
- Komandanın büdcəsinin azladılması hər kəsə məlumdu. Bu, sizin işinizə təsir edə bilməz?
- Büdcənin azalması bizim işimizə təsir etməməlidi. Əksinə, büdcənin azaldığı müddətdə biz daha çox çalışmalıyıq. Bu o demək deyil ki, büdcə azalıbsa biz zəif təsir bağışlayacağıq. Qətiyyən axsamamalıyıq. Özümüzü işə sərf etməli və daha yaxşı çalışmalıyıq.
 
- Avropa Liqasında qarşılaşa biləcəyiniz potensial rəqibləriniz bəllidir. Daha çox hansı komanda ilə üz-üzə gəlmək istəyərdiniz?
- Keçən il biz daha çox gələcək haqda fikirləşirdik və qarşıdakı rəqiblərimiz haqqında danışırdıq. Bu il qarşıma belə bir məqsəd qoymuşam ki, ən yaxında olan oyunu fikirləşim. Ona görə də, uzaq gələcəkdə olacaq bir şey barəsində danışmaq istəmirəm.

Xəbər xətti