"TRT1-lə münasibətlərimiz bitdi"
Türkiyə millisinin baş məşqçisi Fatih Terim Çexiyaya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat nümayəndələrinin qarşısına çıxıb.
Sportal.az xəbər verir ki, o, çətin qələbədən danışıb:
“Allah qismət edərsə, növbəti mərhələyə adlayacağıq. Növbəti mərhələdə olacağımız halda rəqibimiz Uels millisi olacaq. Növbəti mərhələyə adlamaya da bilərik. Hər şey AÇ-2008-də olduğu kimi ola bilər. Hazırda çox rahatıq. Bir çox problemlərimiz var. Amma elə görünür ki, onları daha tez həll edə bilərik. Yaxşı bir komanda idik. Birliyimizi itirmişdik amma indi özümüzə gəldik. Bu bizim üçün önəmli idi. Əgər qrupdan çıxsaq, daha çox irəli gedəcəyik”.
Terim komandasının ilk 2 matçda niyə uduzduğundan danışıb:
“Demək ki, ilk 2 qarşılaşmada səhv etmişik. Bu matçda isə daha yaxşı şeylər etdik. Komandada fiziki, taktiki problemlər olsa da, milli komanda ruhunu ortaya qoya bilmədiyimiz, məğlubiyyətə reaksiya vermədiyimiz üçün üzülmüşdük. Çexiya ilə matçda isə hər şey yerində idi. Futbolçularım yaxşı işlər gördülər. Nə olursa-olsun biz Xorvatiya ilə oyunda 2 qol vuraraq geri dönüş edən Çexiya millisinə qalib gəlmişik. Onlara 15-20 dəqiqə oynamağa imkan verməmək böyük şeydir. Demək ki, bəzən başımda 3-4-3 də ola bilər”.
Təcrübəli mütəxəssis artıq problemlərin bitdiyini deyib:
“Oyundan öncəki gün komandanın düşərgəsində heç düşünmədiyim şeylər oldu. Bu gün isə bütün problemlər bitdi. Bir sıxıntımız yoxdur”.
“Ay ulduzlular”ın çalışdırıcısı gənc futbolçu Emre Morun çıxışı haqqında fikirlərini bildirib:
“Emre Mor hamımızı həyəcanlandırdı. İspaniya ilə oyunda onu bilə-bilə heyətə salmadım. Çünki orada bu gənc futbolçunu itirə bilirdik. Çexiya ilə oyunda xilasedici olması futbolçu üçün çox önəmli idi. Fikrimcə, Türkiyə daha bir oyunçu qazandı. O, bugündən meydana daha özünə güvənli halda çıxacaq. Əvəzetməyə gəlincə isə bunu özü istədi. Yoxsa onu meydanda saxlayacaqdım. Komanda olaraq qoldan sonra da yaxşı müdafiə olunduq. Qapıçımız da əla idi”.
Terim bildirib ki, əgər evə dönsəydilər, buna çox üzüləcəkdi:
“Əgər çempionatı erkən tərk etsəydik, çox üzülərdim. Davam edəcəyimiz halda bizim üçün yeni başlanğıc olacaq. Bir sürü borclarımız var və onları növbəti mərhələlərdə ödəyəcəyik. Bundan sonra daha yaxşı olacağımızı düşünürəm”.
Məşqçi İspaniya ilə oyundan sonra UEFA-nın yanlış hərəkət edərək Türkiyənin iddiasının qalmadığını deməsini xatırladıb:
“UEFA-ya “Biz bitdi demədən bitməz” sözünü xatırladıram. Bəzən hər kəs belə səhvlər edə bilər. Hər halda bizim nəticələrimizlə ümidsizliyə düçar olmuşdular”.
Çalışdırıcı TRT1 kanalının müxbirinin sualını cavablamayıb:
“TRT1-in suallarına cavab vermirəm. Bunun sizinlə əlaqəsi yoxdur. TRT1-lə münasibətlərimiz bitdi”.
saytlarin hazirlanmasi