"Şkendiya" evdə şikarını gözləyir
“Neftçi” bu mövsüm Avroliqada olmalı deyildi. Oyunuyla, göstərdiyi nəticəylə gəlib çıxmayıb avrokuboklara. Lakin vəsiqəyə yiyələnibsə, çəkisini ortaya qoymalıdı. Amma necə, kiminlə, hansı idarəçiliklə? Onsuz da başı dərddə olan “Neftçi”nin başına daha bir dərd də Elnur Məmmədov olub. AFFA-da futboldan başqa hər işlə məşğul olan bu adamı gətirib ölkənin ən köklü klubunun başına qoyanda, sonu elə belə də olmalıydı. Deyilənlərə görə, bəzi oyunlarda Elnur Məmmədov hətta məşqçinin əvəzinə futbolçulara “ustanovka” da verib, keçib lövhənin qabağına futbolçulara taktiki tapşırıqlar izah edib. Kül olsun bu futbolun başına ki, Elnur Məmmədov kimi futboldan uzaq adamlar gəlib futbol dərsi keçir “Neftçi”də…
Çingiz Abdullayevin adı var, özü yoxdu. Oyundan-oyuna gəlir, orada da yan-yörəsindəkilərindən eşitdiklərini (adətən də səhv məlumatları) çıxıb media əhlinə danışır. Yəni, “Neftçi” başdan-başa Elnur Məmmədovun “sənət əsəridi”, janrı da tragikomediyadır… Baxırsan “Neftçi”yə, bilmirsən güləsən, yoxsa ağlayasan.
Sabah “Neftçi”ni Avropa Liqasında “Şkendiya” ilə cavab oyunu gözləyir. “Baltsan”la evdə biabırçı oyundan sonra “Neftçi” “Şkendiya”nı da uda bilməmişdi. Bakıdan qolsuz heç-heçəylə ayrılan “Şkendiya” evdə şikarını gözləyir. Lakin futbolumuzun ən köklü klubu olan, qrup mərhələsi görmüş “Neftçi” belə klubları keçməyə borcludur. İnanıram ki, Elnur Məmmədov hansı kluba başçılıq etdiyinin az-çox fərqinə varır.
“Neftçi” mərhələni keçməsə, yəqin Elnur Məmmədov abırına qısılıb istefa verər. Mədəniyyət dediyimiz yalnız o deyil ki, hamıyla nəzakətlə davranasan. Mədəniyyət geniş anlayışdır. O qədər geniş anlayışdır ki, onu asan-asan anlayacaq səviyyədə deyil çoxları. Amma Elnur Məmmədov istefa mədəniyyətinin nə olduğunu bilməmiş olmaz. Əgər “Neftçi”də bir məşqçi uğursuz olsaydı, günahı məşqçidə görmək olardı. Ancaq bir neçə məşqçi uğursuzluq yaşayırsa, demək ki, artıq problem məşqçidə yox, idarəçilikdədi. Ki, probemin Elnur Məmmədovda olduğunu görmək üçün xüsusi istedada malik olmaq gərək deyil.
Həmid
saytlarin hazirlanmasi