Essombe "Astra" ilə müqavilə imzalamadı
Son mövsümü "Dinamo" Buxarestdə çıxış edən Marsel Essombe karyerasını ölkəmizdə davam etdirə bilər.
Sportal.az "digisport.ro"ya istinadən xəbər verir ki, 28 yaşlı hücumçu Azərbaycan və Türkiyə klublarında aldığı təkliflərə görə, son Rumıniya çempionu "Astra"ya keçməkdən imtina edib. Essombe "Astra" ilə razılığa gəlsə də, son anda müqavilə imzalamayıb.
Bu haqda "Astra"nın baş məşqçisi Marius Şimiduça bunları söyləyib:
"O, "Dinamo" Buxarestdə aylıq 6,500 avro məvacib alırdı. Biz ona 10 min avroluq təklif etdik. Əvvəlcə razılaşdı. Daha sonra isə özünü körpə uşaq kimi apardı. Biz onun bütün arzularını yerinə yetirəcəkdik. Amma mənə belə xaraktersiz futbolçu lazım deyil".
Qeyd edək ki, Marsel Essombe karyerası ərzində Fransanın "Soşo B", "Şaterua" və "Kretey" klublarında çıxış edib. Kamerunlu hücumçu son klubu "Dinamo" Buxarestdə 23 oyun keçirib və 6 qol vurub.
Əlavə edək ki, "Qəbələ"nin futbolçusu Baqali Dabo "Kretey"də Essambe ilə birgə çıxış edib.
saytlarin hazirlanmasi