Biabırçı nəticələr xalqı küsdürüb artıq "Neftçi"dən
Azərbaycan çempionatında can çəkə-çəkə 6-cı olan, onun-bunun hesabına Avroliqaya vəsiqə qazanan “Neftçi” burada da azarkeşlərinə məyusluq yaşatdı. Uzağa gedə bilmədilər, artıq ikinci mərhələdə “Şkendiya” “Neftçi”yə yerini göstərdi.
Adı xalq komandasıdı, özü isə məhəllə komandasına bənzəyir. Bu nə oyun, bu nə nəticə? Kifayət qədər sanballı büdcəyə (Elnur Məmmədov əksini iddia edirsə, çıxıb mətbuata büdcəni açıqlasınlar) malik “Neftçi”nin belə nəticə göstərməsi rəzalətdi. Ancaq eyni zamanda da məntiqəuyğundu. Bir klubun ki, Müşahidə Şurası yaradıcılıq dərnəyi, idarəçisi isə Elnur Məmmədov kimi futboldan dəxlisiz adam olsun, daha nə gözləməliydik “Neftçi”dən?
İdarəçilik rəzalət, yeni transferlər bərbad, məşqçi işi sıfır… Hərdən adama elə gəlir ki, Elnur Məmmədov kimilərini planlı şəkildə “Neftçi”yə gətiriblər ki, bu klubu tamamilə xalqın gözündən salsınlar, sonra da dağıtsınlar getsin. Çingiz Abdullayevi başa düşdük, onsuz da onun bu kluba aidiyyəti yoxdu. Əminəm ki, nə transferlərdən xəbəri var, nə də “Neftçi”də baş verənlərdən. Sadəcə quru adı var “Neftçi” ilə əlaqəli.
Bəs, Elnur Məmmədov? Xalq komandasının bu hala düşməsinin bir nömrəli günahkarı olan bu adamı niyə məşhər ayağına çəkmirlər? Havaya sovrulan pulların, bərbad nəticələrin hesabını niyə ondan soran yoxdur? Klub idarəçiliyində heç bir təcrübəsi, səriştəsi olmayan adamı ölkənin ən köklü klubunun başına gətirən adamlar heç bu xalqı düşünmədilərmi?
Klubun sadiq azarkeşləri də artıq zinhara gəliblər. Rövnəq Abdullayev son qoysun bu rəzalətə. “Neftçi” xalqındısa, xalqa yazığınız gəlsin. Bu biabırçı nəticələr xalqı küsdürüb artıq “Neftçi”dən.
Həmid
saytlarin hazirlanmasi