Hava limanında oturaq aksiya: azarkeşləri "Neftçi"ni "istefa" şüarları ilə qarşıladı FOTO

00:51 - 23 İyul 2016

Müşahidə Şurasını istefaya səslədilər
 
Avropa Liqası ilə vidalaşan "Neftçi" Bakıda "isti" qarşılanıb. Bakı klubunun 50-yə yaxın azarkeşi onlarla elə hava limanındaca haqq-hesab çəkmək istəyib.
 
Sportal.az futbolinfo.az-a istinadən xəbər verir ki, "Neftçi" azarkeşləri Binə hava limanında komandanı qarşılayıb. Baş məşqçi Vəli Qasımovu, eləcə də klubun Müşahidə Şurasını istefaya səsləyən fanatlarla komanda arasında gərgin anlar yaşanıb.
 
Müşahidə Şurasının üzvü Səməd Qurbanovla söhbətdən sonra fanatlar Qasımovdan hesabat tələb edib. Baş məşqçi uzun söhbətdən sonra azarkeşlərdən nə təklif etdiklərini soruşub, onlar isə Vəli bəyə "yaxşı futbolçu olmusan, amma məşqçilik sənlik deyil, çıx, get" deyə müraciət ediblər. İcraçı direktorun müavini Mübariz Xudiyevlə söhbət isə daha gərgin alınıb və az qala əlbəyaxaya çevriləcəkmiş. "Neftçi" əməkdaşlarının və fan-klubun daha sülhsevər üzvlərinin müdaxiləsindən sonra insidentin böyüməsinin qarşısı alınıb.
 
Fanatları oradan uzaqlaşdırmaq istəyəndə isə azarkeşlər oturaq aksiyaya başlayıb, tələbləri yerinə yetirilməyincə avtobusun qarşısından çəkilməyəcəklərini bildiriblər. Amma istənilən halda aranı sakitləşdirmək mümkün olub və komandanı gətirən avtobus hava limanını tərk edib.
 

Xəbər xətti