Nəticəyə hesablanmış oyun
Oyundan qabaq “Viktoriya”nın baş məşqçisi Roman Pivarnik “Qarabağ”ın daha böyük büdcəyə malik olduğunu desə də, əsasən Çexiya və Slovakiya millilərinin oyunçularından təşkil olunmuş “Viktoriya”nın daha bahalı heyətə malik olduğunu deyə bilərik. Rəqib daha təcrübəli, daha güclü idi. Ona görə də, “Qarabağ” hər şeydən əvvəl çətin səfər matçında nəticəyə hesablanmış oyun göstərməliydi.
Ayrı-ayrılıqda daha səviyyəli futbolçulardan təşkil olunmuş “Viktoriya”nın qarşısını almaq üçün Rəşad Sadıqovun başçılıq etdiyi müdafiə xətti kollektiv mücadiləyə üstünlük verməli oldu. Oyunboyu müdafiəçilərimizin bir-birini sığortalaması hesabına təhlükəni sovuşdara bilirdik. “Qarabağ” yenə ənənəvi pas oyununu diqtə eləməyə çalışırdı. Lakin bu dəfə topa nəzarəti qapımıza çox yaxın zonada həyata keçirmək məcburiyyətində qalmışdıq. Çexlər mərkəzə qədər çıxmağa imkan vermirdilər. Buna baxmayaraq, “Qarabağ”lılar hətta təpki altında da qısa ötürmələr hesabına topu özlərində saxlamaq bacarığını nümayiş etdirirdilər. Ümumi götürsək, meydanda üstün tərəf “Viktoriya” idi və meydan sahibləri bir neçə epizodda qola yaxın oldular. Ancaq şişirdiləcək üstünlük deyildi bu.
Belə baxanda, oyunu əks-hücumlar üzərində quran “Qarabağ” artıq ilk cəhddə qol vura bilərdi. Mahir Mədətov irəlidə yaxşı açılmışdı, lakin sonda bir qədər ləngidi. Fasiləyə qədər Dani Kintananın, ikinci hissədə Muaremin qapıçı ilə üzbəüz qalması “Viktoriya”nın müdafiəsində boşluqların olmasını göstərdi. Meydan sahibləri azlıqda qaldıqdan sonra daha rahat oynamağa başladı “Qarabağ”. Lakin kor-koranə irəli atılmaq ağılsızlıq olardı. Səfərdə qolsuz bərabərlik də bizim üçün yaxşı nəticə sayılır.
Konkret mövqelərə görə danışsaq, Şehiç elə də inamlı təsir bağışlamadı. Bu adam “əl qumbarasıdı”. Sənin xilasın da ola bilər, əlində partlaya da bilər. Bir neçə dəfə arxa xətdə həyəcan yaşansa da, müdafiəçilər əl-ələ verib təhlükələri sovuşdura bilirdilər. Orta xətdə Riçard Almeyda həmişəkindən zəif oynadı. Adətən komandanın mühərriki olan “Riçi” özünə bənzəmirdi. Miçel üzərinə düşəni etdi. Ancaq yarımmüdafiənin ən yaxşısı Qara Qarayev idi.
Riçard kimi oyunun nəbzini tuta bilməyənlərdən biri də Dani oldu. Ondan fərqli, Reynaldo çox canfəşanlıq etdi. Qol vura bilməsə də, Reynaldo rəqib müdafiəçiləri təzyiq altında saxlayırdı. Birinci hissədə mübarizə aparan Mahir Mədətov da çox çalışdı. Digər futbolçulara gəlincə, oyuna sonradan qoşulan Əfran İsmayılov ab-havaya tez uyğunlaşdı və hərəkətliliyi hesabına sağ cinahda canlanma yaratdı. Muaremlə İlqar Qurbanovun oyununu da normal hesab etmək olar.
Bu dəfə ÇL-in “play-off” mərhələsinə çox yaxınlaşmışıq. Amma bizi hələ Bakıda daha bir çətin oyun gözləyir.
Emin ABBASOV
saytlarin hazirlanmasi