Ölkəmizin perspektiv vəd eləyən futbolçularından olan Elnur Cəfərovun “Tondela”ya, Budan Nəsirovun isə “Sportinq”ə keçməsi Portuqaliya çempionatına olan marağımızı birə-beş artırdı. Lakin çox keçmədən Elnurun “Tondela”dan uzaqlaşdırıldığı barədə xəbərlər yayıldı və təsdiqini tapdı. Səbəb kimi isə baş məşqçinin onun durumundan, səviyyəsindən razı qalmadığı göstərildi. Lakin klubla 1 illik müqavilə imzaladığı deyilən futbolçuya cəmi 1 ay sonra qapının göstərilməsi təəssüf və suallar doğurur.
Bu məsələylə bağlı futbol eksperti, həm də agent kimi fəaliyyət göstərən Erkin İbrahimovun fikirlərini öyrəndik. Sportal.az saytına danışan Erkin bəy Elnurun başına gələnlərin üzücü olduğunu dedi:
“Hamımız istəyirdik ki, Elnur Portuqaliya çempionatında oynasın, Portuqaliyada ölkəmizi təmsil eləsin. Lakin yenə də AFFA-nın qeyri-müəyyən siyasətindən danışmalı oluruq. Hər dəfə adlara aldanırlar, birini “Ayntraxt”a, digərini “Tvente”yə, o birini Portuqaliyaya göndərirlər. Nəticə isə heç nə! Dəfələrlə demişəm, hətta AFFA-ya layihə də hazırlayıb vermişəm ki, nə etmək lazımdı, haradan başlamaq lazımdır. Mənim layihəmdən istifadə edib, bir az ayrı formada həyata keçirirlər, lakin futbolu bilmədikləri üçün belə vəziyyətə düşürlər.
Xaricə göndərilən uşaqlara individual yanaşmaq lazımdır. Elnur Cəfərovun potensialı nəinki “Tondela”, hətta “Benfika”da da çıxış etməyə imkan verir. Ancaq belə məsələlərdə potensialdan başqa, xarakteri, şəxsi keyfiyyətləri, dil bilgiləri də nəzərə alınmalıdır. Yəni, futbolçu gedib orada tək-tənha yaşaya biləcəkmi? Adaptasiyadan çox şey asılıdır. Mənə elə gəlir ki, Elnuru Portuqaliyaya yox, postsovet ölkələrindən birinə göndərmək lazım idi. Şəxsən mən “Dinamo” Minskin rəhbərliyi ilə danışıqlar aparırdım. Lakin klubun sponsoru həbs olunduğu üçün legioner almadılar, hətta öz aparıcı futbolçularını da bir-bir satmağa başlayıblar.
Düzü, mən inanmıram ki, müqaviləyə elə bir bənd salınsın ki, bəyənməsələr, Elnuru 1 aydan sonra çıxarda bilsinlər. Bu, real deyil. Sadəcə ola bilərdi ki, onu 1 aylıq baxışa götürüblər, müqavilə olmayıb. Yəqin ki, bilmədiyimiz məqamlar var bu məsələdə.Ola bilər ki, dil problemi olsun, uyğunlaşa bilməsin. Çünki Elnur futbolçu kimi “Tondela”dakılardan zəif deyildi. Ona gələcək karyerasında uğurlar arzulayıram. Üzülməsin. Onda günah yoxdur. Günah onun transferini gerçəkləşdirən adamlardadır. Çünki menecerliyin özəlliyi də ondadır ki, futbolçuya uyğun klub tapmalısan. Analiz etmək lazımdır ki, futbolçu həmin klubda oynaya bilərmi, həmin ölkədə yaşaya bilərmi və s. Tələskənlik etdilər, məncə. Kiminsə “Tondela”ya çıxışı olub, deyiblər əlimizdə Elnur var, gəlin göndərək. Eynən Elnurun “Ovyeda”ya göndərilməsi kimi...
Bu işlər belə görülmür. Azərbaycanlı futbolçuların xaricə göndərilməsinə peşəkar səviyyədə yanaşmaq lazımdır. Müvafiq proqramı da uzun müddətdir ki, AFFA-ya təklif etmişəm. Təəssüf ki, AFFA-dakılar həmişəki kimi ideyaları mənimsəyib başqa işlərlə məşğuldurlar. Bu işlə futbolu bilən adam məşğul olmalıdır. Məndə o təcrübə də var, o güc də, o əlaqələr də. Lakin maddi imkanım yoxdur ki, sırf loqistika baxımından bu işi həyata keçirim. Yenə deyirəm, hər bir futbolçuya fərdi yanaşılmalıdır, hər bir futbolçunun dosyesi hazırlanmalıdır. İndidən artıq müəyyənləşdirmək lazımdır ki, hansı futbolçu hansı ölkədə oynaya bilər, hansı ölkədə yaşaya bilər. Misal üçün, bu ilin fevralında “Neftçi”nin əsas heyətinə düşə bilməyən iki futbolçunu Latviyaya apardım. Orada çox yaxşı oynadılar. Səbəb isə onda idi ki, mən onları ora aparmazdan əvvəl hər iki futbolçunu araşdırdım. Baxdım ki, rus dilində yaxşı danışırlar, uyğunlaşma problemləri olmayacaq. Təsəvvür edin ki, oyunlardan sonra bütün komanda yoldaşları bizim futbolçuların başına yığışırdı. Onları yalnız meydanda yox, meydandan kənarda da qəbul etmişdilər. Futbolda isə bu çox vacibdir. Sözümü ona gətirirəm ki, azərbaycanlı futbolçuların xaricdə möhkəmlənməsi üçün menecerlərdən də çox şey asılıdı. Nə vaxta qədər ki, bu işlə futbolu dərindən bilməyən, duymayan adamlar məşğul olacaqlar, nəticə üzücü olacaq”.
saytlarin hazirlanmasi